Sehrbazlığın hoqqa olduğunu biləbilə, onu niyə xoşlayırıq?


Digərləri 13 Apr 2019 19:18:00 288 0

Sehrbazlığın hoqqa olduğunu biləbilə, onu niyə xoşlayırıq?

Sehrbazlığa tamaşa etməyi niyə xoşlayırıq? Hamı bilir ki, bu, hoqqadır və "gerçək" deyil, lakin izləməyə davam edir və nəyisə gözləyir.

Londondakı Goldsmiths Universitetinin psixologiya fakültəsi nəzdində "Magic Lab" adlı psxiloji tədqiqatlar laboratoriyası fəaliyyət göstərir.

Burada sehrbazlığın da elmi təhlili aparılır.

Psixologiya üzrə universitet müəllimi Gustav Kuhn Magic Lab-a rəhbərlik edir.

"Səhv istiqamətləndirmə"

Sehrbazlıq effektinin kökləri qavrama, diqqət və məlumatın təhlili kimi psixoloji amillərlə bağlıdır.

Gustav Kuhn (soldan üçüncü) və psixologiya fakültəsinin tələbələri. Tələbələr seçdikləri ixtisas çərçivəsində fokusların nümayiş etdirməyin yollarını öyrənə bilirlər.

Sehrbazlıq qavrama qabiliyyətimizə təsir göstərir, idrakımızdakı boşluqlardan istifadə edir, doktor Kuhn deyir.

"Səhv istiqamətləndirmə" sehrbazlığın əsas elementidir - insanın diqqəti əsas obyektdən yayındırılaraq az əhəmiyyətli digər obyektə yönəldilir.

"Bu effektdən yol hərəkatı təhlükəsizliyini sınaqdan keçirərkən istifadə edirlər, - doktor Kuhn deyir. - Necə olur ki, insanlar göz qabağında olanı görmür?"

Saxta xəbərlər

Gustav Kuhn bu məsələnin "saxta xəbərlər" və sosial mediada saxta məlumatların yayılması ilə də bağlı olduğunu qeyd edib.

O deyir ki, hətta nəyinsə saxta olduğu məlum olduqdan sonra da, həmin nəsə bizə təsir etməkdə və diqqətimizi çəkməkdə davam edir.

Tədqiqatçılar sehrbazlıq effektini öyrənməklə konspirasiya nəzəriyyələrini və saxta məlumatları daha dolğun araşdıra biləcəklərinə ümid edirlər.

Dinamo adlı sehrbaz kütlənin diqqətini özünə cəlb edə bilir.

Sehrbazlığın digər mühüm elementi "məcburetmə texnikasıdır".

Misal üçün, kartlarla bağlı fokuslarda iştirakçı zənn edə bilər ki, təsadüf prinsipi əsasında kart seçib, əslində isə sehrbaz onun qərarı ilə manipulyasiya edir və iştirakçının "seçimi" saxtadır.

"Azad seçim xülyadır. İnsanlar düşündüklərindən qat-qat çox təsir altına düşür. Onların qavrama qabiliyyəti, onlarda formalaşan təsəvvürlər dəyişkəndir, - doktor Kuhn qeyd edir.

- Təsir altına düşməkdən və saxta seçim effektlərindən siyasi məqsədlər üçün istifadə oluna bilər".

İlk televiziya proqramlarının yayımında sehrbazların çıxışlarına da xüsusi yer ayrılıb - 1937-ci ilə aid televiziya yayımından kadr

Qavramanın təbiəti

Bu həftə Londondakı Wellcome Collection muzeyində Sehrbazlıq Psixologiyası adlı sərgi açılıb.

Sərgi sehrbazlığın insan şüuruna təsiri və "qavrama təbiəti" mövzusuna həsr olunub.

London Universitetində də sehrbazlıqda illüziyaların rolu mövzusunda sərgi keçirilib.

Doktor Kuhn deyir ki, psixologiyanı öyrənməkdən əvvəl sehrbazlığa maraq göstərib.

"İnsanın mişarlanması" fokusunun müasir variantı

"Mən sehrbazların çıxışını, onların texnikasını, fəndlərini izləməyi xoşlayırdım", - o deyir.