Vüqar Rəhimzadə: ""Opinion Way"in sorğusu cənab Prezidentimizin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır"


Digərləri 12 Apr 2019 17:41:00 207 0

Vüqar Rəhimzadə: ""Opinion Way"in sorğusu cənab Prezidentimizin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır"

"İnkişaf modeli beynəlxalq səviyyədə təqdir olunan və öyrənilməsinin vacibliyi qeyd edilən Azərbaycanın davamlı inkişafı düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Prezident kimi fəaliyyətə başladığı ilk gündən ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən cənab İlham Əliyev  ölkəmizin ən yüksək zirvələri fəth etməsini şərtləndirən təkmil islahatlar həyata keçirir, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyaraq, bu istiqamətdə mühüm addımlar atır. 11 aprel 2018-ci il prezident seçkilərindən ötən bir ildə Azərbaycanın qazandığı uğurlar  müstəqillik tariximizə yeni-yeni uğurlu səhifələr yazdı".

Son.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransanın "Opinion Way" şirkətinin bu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusuna münasibət bildirərkən deyib.  

V.Rəhimzadə qeyd edib ki, sorğunun nəticələri cənab İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi: "Azərbaycanda mövcud sabitlik, xalq-iqtidar birliyi beynəlxalq səviyyədə təqdir olunan mühüm məqamlardandır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir seçkinin nəticələri ölkədə mövcud ab-havanı göstərir. Ötən ilin prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildən başlanan Böyük yolun davamı Azərbaycanın bugünkü reallıqlarında öz əksini tapır. Beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınan Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığı beynəlxalq qurumların hesabatlarında, sorğu mərkəzlərinin keçirdikləri  sorğuların nəticələrində də öz əksini tapır. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ABŞ-ın nüfuzlu "Gellap İnternasional" təşkilatı daim  seçkilərdən öncə  Azərbaycan əhalisi arasında sorğu keçirir. Dövlətimizin başçısı İlham Əliyevə xalqın dəstəyi, həyata keçirilən siyasətin yüksək qiymətləndirilməsi bu sorğunun nəticələrində də daim öz əksini tapıb".