Bakının Baş Planını Almaniya şirkəti hazırlayacaq


Digərləri 12 Apr 2019 16:19:00 238 0

Bakının Baş Planını Almaniya şirkəti hazırlayacaq

Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinə start verildi.

Bakı. Bakının Baş Planını Almaniyanın “AS+P” şirkəti hazırlayacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Komitə Bakı şəhərinin Baş planının hazırlanması işini davam etdirir. İki mərhələdən ibarət olan bu prosesin birinci mərhələsində görülmüş təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilmişdir. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti seçilmişdir. Keçirilmiş açıq tender bir çox aparıcı şəhərsalma və memarlıq şirkətinin marağını cəlb etmişdir. Dünyanın müxtəlif ölkələrini təmsil edən 20-yə yaxın iri beynəlxalq şirkət tərəfindən iştirakla bağlı tender komissiyasına müraciət olunmuşdur. İştirakçıların təkliflərinin dəyərləndirilməsi beynəlxalq təcrübə, işçi heyətinin peşəkarlığı, yanaşma tərzi, qiymət və 40-dan çox digər meyar üzrə hərtərəfli təhlil əsasında aparılmışdır. Tenderdə iştirak üçün müraciət etmiş şirkətlərin əvvəlki illərdə reallaşdırdıqları işlər sırasında Paris, Frankfurt, London, İstanbul, Çikaqo kimi iri şəhərlərin planlaşdırılması layihələri qeyd oluna bilər.