Peyğəmbərlər Allahla bəşər arasında vasitəçilər


Digərləri 11 Apr 2019 21:15:00 249 0

Peyğəmbərlər  Allahla bəşər arasında vasitəçilər

Dinin əsas şərtlərindən (üsuli-din) biri də peyğəmbərlərə inamdır (nübüvvət). Müsəlman adlanan kəs Allah-Taalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, ən əsası isə Həzrət Mühəmmədin (s) sayca sonuncu, şərafətcə birinci peyğəmbər olduğuna iman bəsləməlidir.

Müsəlmanların əqidəsincə, Həzrət Mühəmməd (s) "peyğəmbərlərin möhrü"dür, yəni sonuncu peyğəmbərdir. Allah-Taala Həzrət Mühəmməddən (s) sonra yer üzünə peyğəmbər göndərməyib və qiyamət gününədək göndərməyəcək.

Peyğəmbərlərə inam Allaha inamla yanaşıdır. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyil. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Mühəmmədin (s) sonuncu peyğəmbər olduğuna inanmamaq, Ondan sonra peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir.

Peyğəmbərlər nə üçün göndərilmişlər?

Son.az islam.az-a istinadən bildirir ki, lakin şübhəsiz, insanın Allahı daha yaxşı tanıması üçün fitri dindarlıq kifayət deyildir. Çünki insanın daxili aləmində həmişə gizli xeyir-şər mübarizəsi getməkdədir. Əgər fitri dindarlıq və vicdan insanı xeyir əməllərə sövq edirsə, tamah, şəhvət, paxıllıq kimi hisslər onu bu yoldan sapdırır. İnsan bu daxili mübarizədə bəzən elə gücsüzləşir ki, seçki meyarlarını itirir, hansı işin yaxşı, hansının pis olduğunu təyin etməyə çətinlik çəkir. Belə vəziyyətdə o, artıq hər şeyə şübhə edir, daxili qüvvələr onu idarə etməyə acizlik çəkir.

Tarixin müəyyən dövrlərində bu çaşqınlıq təkcə fərdlərlə məhdudlaşmır, bütöv cəmiyyətə sirayət edir. Böyük xalqlar, millətlər get-gedə Allahın yolundan çıxaraq cinayət və azğınlıq girdabına düşürlər. Cəmiyyəti sədaqət deyil, yalan idarə etməyə başlayır, oğurluq, əxlaqsızlıq, qəddarlıq müvəqqəti olaraq haqqı üstələyir. Hətta dünya qanunları, cinayət məcəllələri, əxlaq kodeksləri də qoluzorlulara, sərvətlilərə xidmət edir (Tarixdə buna xeyli misallar vardır).

Bu zaman insanların Yaradanı və daimi yolgöstərəni olan Allah yatmış vicdanları oyatmaq və azğın insanları haqq yola qaytarmaq üçün zahiri əlamətləri işə salır, yəni öz elçilərini (peyğəmbərləri) göndərir.

"Peyğəmbər" sözünün farscadan tərcüməsi "xəbər aparan" deməkdir. İlkin ərəbdilli islami mətnlərdə (o cümlədən Qurani-Kərimdə) Allahın elçiləri "nəbi" (xəbər verən) və "rəsul" (göndərilmiş) adlandırılmışlar. Bu sözlərin mənasından aydın olduğu kimi peyğəmbər - Allahın əmrlərini insanlara çatdırmaq üçün Onun tərəfindən göndərilmiş şəxsdir.