Azərbaycanda məhkəməhüquq sistemində islahatlarla bağlı qanunvericilik layihələri hazırlanır


Digərləri 11 Apr 2019 12:46:00 265 0

Azərbaycanda məhkəməhüquq sistemində islahatlarla bağlı qanunvericilik layihələri hazırlanır

Bu gün Nərimanov Rayon Məhkəməsində Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Məhkəmə islahatlarında yeni mərhələ" mövzusunda brifinq keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər və digər hüquqşünaslar, millət vəkilləri, vətəndaş cəmiyyətinin və çoxsaylı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti barədə geniş ictimai müzakirələrin aparıldığı vurğulanıb, hazırkı tədbirin bu mühüm sənədin mahiyyətinin və istiqamətlərinin əhaliyə daha dolğun və ətraflı çatdırılmasında önəmi qeyd olunub.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, məhkəmə sahəsində islahatlar mühüm əhəmiyyət kəsb edir və bu sahədə kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifə düşür. O qeyd edib ki, KİV-lər bu islahatlarla bağlı cəmiyyətə düzgün informasiya çatdırmalıdır. Mətbuat Şurası bu istiqamətdə Ədliyyə Nazirliyi ilə birgə tədbirlər həyata keçirir.

Sonra çıxış edən Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov vurğulayıb ki, Prezident İlham Əliyevin 3 aprel fərmanı məhkəmə-hüquq sahəsində islahatların "yol xəritəsi" rolunu oynayır. O qeyd edib ki, bu fərman ədalət məhkəməsinin şəffaflaşdırılmasına, hər hansı müdaxilənin qarşısının alınmasına, məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqinə, ekspertiza fəaliyyətinin yaxşılaşdırılmasına və digər məsələlərə yönəlib. Fərmanın icrası ilə bağlı Ədliyyə Nazirliyinə bir sıra mühüm tapşırıqlar verilib.

E.Qasımovun sözlərinə görə, Ədliyyə Nazirliyi fərman imzalanandan dərhal sonra geniş kollegiya iclası keçirib, işçi qrupu yaradılıb.

Tədbirdə daha sonra nazirliyin aidiyyəti struktur qurumlarının, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbərləri və digər çıxış edənlər məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, vəkilliyin fəaliyyətinin gücləndirilməsi və digər mövzularda çıxışlar ediblər.