Transxəzər magistralı layihəsinin icrasına başlanıb


Digərləri 10 Apr 2019 15:40:00 210 0

Transxəzər magistralı layihəsinin icrasına başlanıb

Ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib.

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb. AzerTelecom şirkətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Azərbaycan tərəfdən AzerTelecom şirkəti və Qazaxıstan tərəfdən Transtelekom və KazTransCom şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə İşçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb. Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında" dövlətlərarası Saziş imzalanıb və müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib. Mühüm strateji əhəmiyyət daşıyan bu layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan McKinsey and Company, Detecon, Axiom, DLA Piper, Huawei, PwC kimi şirkətlər də cəlb olunub.