Azərbaycanda 60 "KOB Dostu” şəbəkəsi yaradılacaq


Digərləri 10 Apr 2019 15:06:00 195 0

Azərbaycanda 60 "KOB Dostu” şəbəkəsi yaradılacaq

Ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları (KOB Dostu) şəbəkəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mühüm strateji layihələrindəndir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir.

Son.az bildirir ki, agentikdən Trend-ə verilən məlumata görə, hazırda Agentliyin ölkənin 11 rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları həmin rayon və şəhərlərlə yanaşı, ətraf rayonlardan olan sahibkarlara da xidmət edir. Ümumilikdə, 10 iqtisadi rayon üzrə 60 "KOB Dostu" şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilmiş "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda 3-cü regional forumdakı çıxışında KOBİA-nın Gəncə şəhəri üzrə "KOB Dostu" Anar Əliyev məlumat verib.

Tədbirdə müxtəlif rayonların icra hakimiyyətləri başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.