İlham Әliyev prezidentlik dönəminin ötən 1 ilini tamamilə fərqli bir ilə çevirə bildi


Digərləri 10 Apr 2019 15:05:01 204 0

İlham Әliyev prezidentlik dönəminin ötən 1 ilini tamamilə fərqli bir ilə çevirə bildi

İlham Әliyev prezidentlik dönəminin ötən 1 ilini tamamilə fərqli bir ilə çevirə bildi.

Bakı. 2018-ci ilin 11 aprelində xalqın etimadını qazanaraq yenidən dövlәt başçısı seçilmiş İlham Әliyev prezidentlik dönəminin ötən 1 ilini tamamilə fərqli bir ilə çevirə bildi. O, 15 ildən artıq prezidentlik dönəminin, xalqın alternativsiz Heydər Əliyev siyasətinə inamının arxayınlığına qapılmadı, tam əksinə, bu bir ili yeni hakimiyyətə gəlmiş qüvvə kimi daha səylə çalışdı. İlham Əliyev xalqı narahat edən bir sıra problemləri kökündən çözməyə nail oldu. İslahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirdi, verilən vədlər әmәli işlərlə tamamlandı. İnsanlara yüksәk qayğı prinsipinә әsaslanan sosialyönümlu siyasәt strategiyasına yeni çalarlar əlavə olundu. Aztәminatlı tәbәqәnin maraqları mütlәq şəkildə nәzәrә alındı vә ölkәmizin daha da inkişafı üçün atılan hәr bir addımın bu tәbәqәnin maraqlarına vura bilәcәyi ən xırda ziyan belә, tәxirәsalınmaz sosial müdafiә tәdbirlәri hesabına kompensasiya olundu. Nə işsizliyin, nə yoxsulluğun artmasına, nə də inflyasiyanın yüksəlməsinə imkan verildi. İlham Əliyev neft gəlirlərinin azalması fonunda Azərbaycanın ciddi çətinliklərlə üzləşəcəyi proqnozlarını da alt-üst etdi. Sübuta yetirdi ki, neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək gücündədir. İqtisadi və sosial islahatların yeni mərhələsinə start verərək, əldə olunan vəsaitləri vətəndaşların rifah halının yaxşılaşmasına yönəltdi. Şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, problemli kreditlərin həlli kimi məsələlər öz həllinə qovuşdu. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artdı. Dövlət başçısı şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlər, tələbələrin təqaüdlərində artımlara imza atdı. Müəyyən kateqoriyaların (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri) dövlət hesabına mənzillərlə təminatı işi axsamadı, əksinə, daha da genişləndirildi. Gənc ailələrin, evsiz insanların mənzil ala bilməsi üçün sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramı davam etdirildi. Bir sözlə, hər hansı layihə təxirə salınmadan həyata vəsiqə qazandı. Hərbi xərclərlə bağlı siyasət, regionların inkişafı ilə bağlı proqramlar geriləmədi. Nəticədə İlham Əliyev Azərbaycanın öz resursları, iqtisadi rezervləri bahasına istənilən sınaqdan cıxmaq gücündə olduğunu isbatladı. Bu bir ildə İlham Əliyev Prezident kimi sadə vətəndaşa əlçatan olması ilə də yadda qaldı. Vətəndaşın ona şikayət, müraciət, xahiş etmək imkanlarını genişləndirdi. Sosial şəbəkələri yaxından izləməklə, orada qaldırılan bir sıra problemlərin həllinə göstərişlər verdi. Bəzi hallarda əhali ilə əvvəlcədən planlaşdırılmayan görüşlərə şərait yaratdı, onların şikayətlərini səbrlə dinlədi. Hökumət üzvərinin illərdir bölgələrdə vətəndaşları qəbul etmək tapşırığının davamı olaraq, Prezident Adminstrasiyasının əməkdaşlarını da yerlərdə vətəndaş qəbullarına cəlb etdi. Beləliklə, son bir ilin sosial-iqtisadi yekunlarının tәhlili göstәrir ki, İham Әliyev sәlahiyyәtlәrinin icrasına başladığı ilk gündәn ölkәnin qarşısında duran problemlәri vә onların hәlli yollarını düzgün müәyyәnlәşdirə, bu yöndә әmәli tәdbirlәr hәyata keçirə bildi. Azәrbaycanın regionda böyük nüfuz sahibi kimi mövqelərinin qorunması, qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, xarici investisiyaların cəlb olunması, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da İham Әliyevin ötən 1 ildə həyata keçirdiyi siyasәtinin prioritet istiqamәtlәri sırasında yer aldı. Milli hәmrәyliyin qorunub saxlanılması, ölkәnin beynәlxalq arenada nüfuz vә mövqelәrinin möhkәmlәnmәsi, ictimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması siyasəti daha da inkişaf etdirildi.