ADU-da “Şərq ölkələrinin çay mərasimi” adlı tədbir təşkil olunub (FOTO)


Digərləri 10 Apr 2019 11:21:44 255 0

ADU-da “Şərq ölkələrinin çay mərasimi” adlı tədbir təşkil olunub (FOTO)

Konfutsi İnstitutunda ənənəvi Çin bayramı sayılan “Qingming” – “Təmiz işıq bayramı”na həsr olunmuş “Şərq ölkələrinin çay mərasimi” adlı tədbir keçirilib.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramı sayılan “Qingming” – “Təmiz işıq bayramı”na həsr olunmuş “Şərq ölkələrinin çay mərasimi” adlı tədbir keçirilib. ADU-dan Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixindən danışıb. R.Abbasov Azərbaycan Respublikasının iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sektorunda islahatların aparılması sahəsində ümummilli lider Heydər Əliyevin təşəbbüslərini xüsusilə vurğulayıb. Daha sonra o, Azərbaycanda çayçılığın inkişafından söz açaraq prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsindən söz açıb. R.Abbasov Konfutsi İnstitutunun əməkdaşlarının Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü münasibəti ilə keçirilən II Beynəlxalq çay festivalında iştirak etməsini diqqətə çatdlırıb, Çin və Azərbaycan çay ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan çayiçmə ənənələri, çay hazırlama üsulları, çay ilə bağlı Azərbaycan əfsanələri, Azərbaycan çay növlərinin xüsusiyyətləri barədə məlumat verib. Tədbirdə çıxış edən Konfutsi İnstitutunun müəllimi Çen Siaocen bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Tsinmin” bayramı əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayramdır. Çinlilər bu bayramı ölkənin müxtəlif regionlarının təamları – Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü toplar və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edir.