Sən məşədi, o kərbəlai, bu birisi hətta hacı...


Digərləri 09 Apr 2019 23:15:00 261 0

Sən məşədi, o kərbəlai, bu birisi hətta hacı...

Ötən əsrin 80-ci illərinin sonları idi. Rayonların birində Kərbəla səfərindən bir nurani ağsaqqal qayıtmışdı. Bu, HADİSƏ idi. Onu tanıyanlar da (tanıyanlar isə kifayət qədər idi), tanımayanlar da, ibadət əhli olanlar da, Allahın buyurduğu vacibatları yerinə yetirməyənlər də özlərinə müqəddəs məkandan dönən həmyerlilərini ziyarət etməyi borc bilirdilər. İmam Hüseyn (ə) zəvvarının evinə get-gəl bir neçə gün davam etdi...

O günlərdən çox zaman kəsiyi keçməyib. Amma vəziyyət tam dəyişib. Kimin isə Məşhəddən və ya Kərbəladan, hətta Ümrədən qayıtması elə də böyük ajiotaja səbəb olmur. Niyə? Nə üçün?

Son.az islam.az-a istinadən bildirir ki, səbəblər müxtəlif ola bilər. Amma zənnimizcə ən başlıcası budur: artıq dindar əhalinin nisbi çəkisində müqəddəs torpaqları ziyarət edənlər çoxluq təşkil edir. "Arşın mal alan"dakı Soltan bəyin sözlərinə bir qədər əl gəzdirsək, məsələn, "Məşədi ziyarət eləmək üçün bir az istək, 6 gün zaman, 150 manat pul kifayətdir, vəssalam" deyə bilərik. Odur ki, belə hallar adiləşib. Sən məşədi, o kərbəlai, bu birisi hətta hacı... Adət etmişlik, laqeydləşmişik. O dərəcədə ki, artıq bu məkanların ali müqəddəslik zirvəsini, ab-havasını sanki 30-40 il əvvəli tək, o nəsil kimi duymuruq. Bu isə son dərəcə acınacaqlı olmasa belə, üzrəkaçan hal da deyil.