Əmək və əhalinin sosial müdafiəsi naziri İctimai Şuranın üzvləri ilə görüşüb


Digərləri 09 Apr 2019 14:27:55 181 0

Əmək və əhalinin sosial müdafiəsi naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən edilən vəzifələrdən biri də həmin qurumların fəaliyyətində ictimai iştirakçılığa geniş şərait yaradılması və ictimai nəzarətin gücləndirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu istiqamətdə mühüm işlər aparılır. Əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərdə, aparılan islahatlarda ictimai iştirakçılıq üçün imkanlar artırılır və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq müstəvisi daha da genişləndirilir. Nazir dövlət başçısının sosial sahə ilə bağlı islahatlar proqramı əsasında əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində aparılan geniş miqyaslı islahatları, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsinin reallaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. S.Babayev nazirliyin fəaliyyət sahələrində elektron texnologiyaların geniş tətbiqini, ölkədə ilk dəfə sosial reyestri formalaşdıran “E-sosial” internet portalının, “Məşğulluq” alt sisteminin qurulduğunu, əhaliyə proaktiv əsaslı xidmət mexanizmlərinin yaradıldığını vurğulayıb.