Dünyanın ilk kino məktəbi Bakıya gəlir


Digərləri 09 Apr 2019 07:35:00 258 0

Dünyanın ilk kino məktəbi Bakıya gəlir

8-12 aprel tarixlərində S.A.Qerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ВГИК) professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Azərbaycanda olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, ÜDKİ-nin rektoru, Mədəniyyət və İncəsənət Tədris Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki, professor Vladimir Malışovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə V.Arxipov, A.Zakirov, İ.Klebanov, V.Menşov, E.Rusinova, V.Fokin, V.Xotinenko, T.Yakovleva, Y.Yaromenko kimi məşhur pedaqoqlar, o cümlədən İnstitutun 25 tələbələsi daxildir.

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi tədbir "MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu (ВГИК) günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi" layihəsi çərçivəsində həyata keçirilir.

9 aprel tarixində saat 10.30-da ADMİU-nun həyətində qonaqların rəsmi qarşılanma mərasimi olacaq. Saat 11.00-da ADMİU-nun Elmi Şura otağında tədbirin açılış mərasimi və mətbuat konfransı baş tutacaq. Açılış mərasimində həmçinin iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

ÜDKİ günləri çərçivəsində bir sıra maraqlı tədbirlərin həyata keçirilməsi gözlənilir.