İstanbulun ilk hava limanı tamamilə boşaldılıb


Digərləri 08 Apr 2019 21:50:00 308 0

İstanbulun ilk hava limanı tamamilə boşaldılıb

Bir çox ayrılıq və qovuşmanın şahidi, dünyanın ən çox sərnişin qəbul edən aeroportlarından olan Atatürk hava limanı tamamilə boşaldılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hazırda bu aeroportun insanların dəqiqələrlə, bəzən də saatlarla növbədə dayandığı pasport nəzarəti məntəqələri, gözləmə, qarşılama və yola salma salonları səssizliyə bürünüb. Uzun illər fəaliyyət göstərən hava limanının heç vaxt bir xətti belə boş olmayan uçuş nəzarəti ekranları tamamilə söndürülüb.

İstanbulun ilk hava limanı və istanbulluların xaricə açılan ilk qapısı olan Atatürk hava limanı şəhər mərkəzindən 24 kilometr uzaqlıqdadır. Ümumilikdə 11 milyon 776 min 961 kvadratmetrlik ərazidə yerləşən bu aeroport 1912-ci ildə hərbi təyyarə meydanı olaraq fəaliyyətə başlayıb. 1938-ci ildə Tikinti Nazirliyi tərəfindən fəaliyyət göstərən təyyarə meydanının mülki aviasiya üçün yenidən qurulmasına qərar verilib. 1949-cu ildə inşasına başlanılan aeroport 1953-cü il avqustun 1-də "Yeşilköy hava limanı" adı ilə fəaliyyətə başlayıb. 1958-ci ilin statistikasına görə, bu vaxt ərzində "Yeşilköy hava limanı"na 7 min 445 təyyarənin və İstanbula 67 min 578 sərnişin gəldiyi qeydə alınıb. 1985-ci ildə yenidən qurulan "Yeşilköy hava limanı"nın adı Atatürk hava limanı olaraq dəyişdirilib.

Son 18 ildə aeroport yerli (223 milyon) və xarici (442 milyon) reyslər olmaqla ümumilikdə 665 milyon sərnişinə xidmət göstərib. Buradan 121 ölkədə 336 məntəqəyə birbaşa reyslər həyata keçirilib.

Hava limanının fəaliyyətində ən yaxşı göstərici 2018-ci ildə qeydə alınıb. Belə ki, ötən il bu aeroportdan 67 milyon 981 min 446 sərnişin istifadə edib. Onlardan 48 milyonu 811 min 305-i xarici uçuşlarla hərəkət edib.