Dövlət Agentliyi və Azərbaycan Beynəlxalq Bankı "Startap günləri" layihəsinə başladı


Digərləri 08 Apr 2019 16:02:00 198 0

Dövlət Agentliyi və Azərbaycan Beynəlxalq Bankı "Startap günləri" layihəsinə başladı

İndiyə qədər müştərək layihələrlə bir sıra faydalı təşəbbüslərə imza atmış Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə "Startap günləri" layihəsinə başlayır. Aprelin 8-də Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən mətbuat konfransında layihə ictimaiyyətə təqdim olunub. 

Bu təşəbbüs universitet tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində ölkəmizdəki ayrı-ayrı universitetlərdə "Startap günləri" keçiriləcək. Hər hansı startap ideyası olan gənclər bura cəlb olunacaqlar. Tələbələr öz startaplarını fərdi, yaxud komanda şəklində təqdim edə bilərlər. Yetərincə əsaslandırılmış real ideyaların müəllifləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində hazırlıq təlimləri təşkil olunacaq. Bu təlimlərdə xüsusi fərqlənən gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi kömək göstəriləcək.  "Startap günləri"nin aprel, may və iyun aylarında Bakı şəhərindəki Turizm və Texnologiya Peşə Liseylərində, Azərbaycan Texniki Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Dövlət Universitetində, Qərb Universitetində, həmçinin  ASAN Könüllüləri Təşkilatında keçirilməsi nəzərdə tutulur.


Xəbərə aid fotolar