Bir inci saflığı olsa da, filtrsiz içiləndə dərd verir o da?


Digərləri 07 Apr 2019 07:11:00 208 0

Bir inci saflığı olsa da, filtrsiz içiləndə dərd verir o da?

Mütəxəssislər deyir ki, filtrlər mikroblarla yanaşı, insan orqanizmi üçün vacib olan mineralları da məhv edir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son dövrlər su filtri şirkətlərinin açdıqları "bazar" insanları haqlı olaraq narahat edir. Su filtri satan şirkətlərin fəallaşması, qapı-qapı gəzərək öz məhsullarını satmaq üçün min cür fırıldaq işlədənlərin, insanların gözü qarşısında su ilə apardıqları eksperimentlər, suyun tərkibi ilə bağlı şübhə doğurmağa başlayıb. Bu şirkətlərin nümayəndələrinin işi ilk olaraq mənzilə yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olur. Daha sonra özləri ilə gətirdikləri qurğular vasitəsilə suyun tərkibi ilə bağlı təcrübə aparırlar. Nəticə etibarı ilə ev sahiblərinin içdiyi suyun yarasız olduğunu, sanki onların gözü qarşısında sübut etmiş olurlar. Təbii ki, su filtri satan şirkət nümayəndələrinin işi bununla da bitmir. Belə ki, bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara baha qiymətə su filtrləri təklif edirlər. Biz də məsələnin əslini, yəni həqiqətən bizə verilən suyun tərkibinin sağlamlıq üçün zərərli olub-olmadığını, su filtrlərindən istifadənin nə qədər vacib olduğunu öyrənməyə çalışdıq. Məsələ ilə bağlı açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin şəxslər insanları aldatmaqla məşğuldur: "Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının, qapı-qapı gəzərək (əsasən də axşam saatlarında) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə, onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli, bu, filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış "ölü" sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su, içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları insanların bu sahədə bilgilərinin az olmasından sui-istifadə edib yalan məlumatlar verməklə, onları aldatmağa cəhd edirlər. Kimya və biologiyadan heç bir anlayışı olmayan həmin gənclər TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd - ümumi mineralların yolverilən qatılıq həddi) təşkil edən suyu çirkli su adlandırır və bununla da insanları aldadırlar".

A.Cəbrayıllı bildirib ki, əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq həddi qüvvədə olan standartlara əsasən 1500-ə qədər olduqda, bu su, içməyə yararlı sayılır: "Bu gün Azərsu ASC-nin insanlara verdiyi suda isə bu göstərici 250-500 arasında dəyişir. Başqa sözlə, bu gün istehlakçılara verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir".

Mövzu ilə bağlı araşdırma edəndə "9 Eylül" Universitetinin tibb fakültəsinin akademiki Əhməd Soysalın məsələ ilə bağlı verdiyi açıqlamaya rast gəldik.  O qeyd edir ki, suyun tərkibini təmizləyən su filtrləri nəyin xeyir, nəyin ziyan olduğunu ayıra bilmir: "Hazırda suyu təmizləmək üçün ayrı-ayrı evlərdə su kranlarına filtrlərin quraşdırılması adi hal alıb. Bununla da elə hesab edirik ki, içdiyimiz su təmizdir və sağlamlığımız üçün zərərsizdir. Amma bu filtrlər mikroblarla yanaşı, insan orqanizmi üçün vacib olan mineralları da məhv edir. Su filtri suda insan vücudu üçün həyati funksiyaya sahib olan kalsium, potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi mineralları yox edir. Belə suyun insana heç bir xeyri yoxdur".