Nazir müavini "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı yeniliklərdən danışdı


Digərləri 04 Apr 2019 16:13:00 214 0

Nazir müavini "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı yeniliklərdən danışdı

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında yeni mərhələ başlayıb.

Son.az xəbər verir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu aprelin 2-də Rumıniyanın paytaxtı Buxarest şəhərində "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin enerji nazirlərinin görüşü zamanı Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov deyib.

Azərbaycanda elektroenergetika sahəsində atılan addımlar, bərpa olunan enerji mənbələri, enerji resurslarından səmərəli istifadə üzrə həyata keçirilən layihələr, hazırlanan qanunvericilik sənədləri barədə məlumat verən nazir müavini Cənub Qaz Dəhlizi layihəsi üzrə görülən işlər, bu sahədə həyata keçirilən yeniliklərdən danışıb: "Cənub Qaz Dəhlizinin son elementi sayılan TAP layihəsi üzrə işlərin 85%-dən çoxu tamamlanıb və 2020-ci ildən "Şahdəniz-2" qazının İtaliya üzərindən Avropaya daşınması reallaşacaqdır. "Şahdəniz-2" layihəsinin işə salınması ilə Türkiyəyə ixrac edilən təbii qazın həcmlərinin 2018-ci ilin yayından etibarən artmaqda olduğu və bu prosesin davam edəcəyi xüsusilə vurğulanıb. Qeyd edilib ki, Türkiyəyə, gələcəkdə isə Avropaya satılacaq qazın artan həcmləri Gürcüstanın Cənub Qafqaz Boru Kəmərindən komissiya olaraq əldə etdiyi qazın miqdarının da mütənasib olaraq artmasına şərait yaratmaqdadır ki, bu da Azərbaycanın Gürcüstanın enerji təhlükəsizliyinə verdiyi töhfəni böyütməkdədir".

E.Soltanov, eyni zamanda Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq çərçivəsində mənbələrin və alıcı tərəflərin şaxələndirilməsi üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir müavini Azərbaycan, Türkiyə və Gürcüstan arasında elektroenergetika sahəsində mövcud əməkdaşlıq barədə danışaraq, Cənubi Qafqazda bu sahə üzrə əməkdaşlığın Azərbaycan və Gürcüstan arasında məhdudlaşmasının Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı olduğunu diqqətə çatdırıb.