Bəzi qida əlavələri dərman imiş


Digərləri 04 Apr 2019 09:14:08 211 0

Bəzi qida əlavələri dərman imiş

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) bu il ərzində bioloji fəallığa malik qida əlavələri ilə bağlı apardığı ekpertiza nəticəsində onların bəzilərinin qida əlavəsi deyil, dərman vasitəsi olduğunu aşkarlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar mərkəz tərəfindən bioloji fəallığa malik qida əlavəsi kimi təqdim edilən 9 adda məhsulun istifadəsi üçün mənfi rəy verilib, iki qida əlavəsinin ekspertizadan keçirilməsi ilə bağlı müraciətə xitam verilib.

AEM tərəfindən bu il ərzində Türkiyənin "Akson İlaç ve Tıb. Ürünler" şirkətinin istehsalı olan, 150 ml-lik "Kanokarnit" şərbəti və həmin ölkənin "İlaç ve Tıb. Ürünler San.Tic.Ltd.Şti" şirkətinin istehsalı olan "Kanokarnit" şərbəti (150ml) ilə bağlı müraciətə xitam verilib. Buna səbəb adıçəkilən məhsulların laboratoriya sınaqlarından mənfi rəy alması olub.

AEM bu il ərzində Rumıniyanın "Metics SRL" şirkətinin istehsalı olan "MASTER MİND" şərbətinin (100 ml) ekspertizası nəticəsində bu məhsula mənfi rəy verib. Ekspertizanın nəticəsinə görə, "MASTER MİND" şərbəti tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, Səhiyyə Nazirliynin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14 tarixində təstiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr"ə əsasən bu preparatın tərkibinə qida əlavələrinin tərkibində qadağan olunan bitkilərin siyahısından olan Convolvulus pluricaulis bitkisi daxil edilib.

Mənfi rəy verilmiş digər məhsul Türkiyənin "GH YİLDİZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ" şirkətinin istehsalı olan Maximuno (Maksimuno, kapsul, №30) adlı qida əlavəsidir. Ekspertizanın nəticələrinə əsasən, məhsul immun sistemi möhkəmləndirmək üçün tövsiyə olunan vasitə olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Selen inqredienti gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşır (tövsiyə olunan miqdar 140-150 mkq). Bundan başqa, məhsulun tərkibində olan "Exinachea angustifolia" bitkisinin xammal kimi otundan istifadə olunub. Lakin Avropa Dərman Agentliyinin tövsiyələrində bu bitkinin xammal kimi kökündə istifadə olunması barədə məlumat qeyd edilib.

Çex Respublikasının "MedPharma, spol.s.r.o" şirkətinin istehsaləı olan "Neyrolux-B" (tablet №20) tabletinin ekspertizasının nəticələrinə görə, bu məhsulda B5 (yol verilən 15 mg), B1 (yol verilən 5 mg), B2 (yol verilən 6 mg), B6 (yol verilən 6 mg) vitaminlərinin gündəlik miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir. Məhsulun 12 yaşdan aşağı uşaqlara yarım tablet tövsiyə olunduğu halda tablet üzərində bölgü xətti yoxdur.

İspaniyanın istehsalı olan "Plameca Plantas Medicinales Y Complementos Alimenticios,S.A" şirkətinin istehsalı olan "Sedaflor B Depression" kapsulu ilə bağlı mənfi rəyin verilməsinə səbəb məhsulun tərkibində bioloji fəalllığa malik qida əlavələrinin tərkibində istifadəsi qadağan edilən bitkilərinin olması olub. Ekspertizanın nəticəsinə görə, bu kapsul antidepressant xassəli, zehnin işini aktivləşdirən, beyin sinir impulslarının ötürülməsini tənzimləyən vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində alkaloidlərlə, kumarinlərlə və d. bioloji fəal maddələrlə zəngin və geniş farmakoloji spektra malik olan Withania somnifera (ashwagandha) bitkisi qida əlavələrinin tərkibində istifadəsi qadağan olunan bitkilərinin siyahısına daxildir.

Mənfi rəy verilmiş digər məhsul - Latviyanın "Solepharm Pharmaceuticals Ltd" şirkətinin istehsalı olan "Selenara Kapsul"unun (kapsul, №30) tərkibində olan Selen inqredienti gündəlik istehlakın yol verilən maximal istifadə həddini aşıb. Ekspertizanın nəticəsinə görə, bu məhsul öz tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi olub.