Energetik içkilərin satışına məhdudiyyət qoyula bilərmi?


Digərləri 03 Apr 2019 23:43:00 216 0

Energetik içkilərin satışına məhdudiyyət qoyula bilərmi?

Ekspertlər 18 yaşına çatmayan şəxslərə siqaret və alkoqollu içkilərlə yanaşı, energetik içkilərin də satışının qadağan edilməsini zəruri sayırlar 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılması ilə bağlı narahatlığını bildirib. Qeyd edib ki, valideynlər də bununla bağlı ona müraciətlər edir. "Energetik içkilər uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza çox böyük zərər vurur. Bu, sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də var".   Q.Paşayeva bildirib ki, valideynlər övladlarına nəzarət etmək imkanında olmadıqlarını deyirlər: "Onlar deyir, biz uşaqları məktəblərə göndəririk. Məktəblərin də hamısının ətrafında rahat şəkildə bu içkilər satılır. Əgər bu gün ölkənin vacib qurumu - Qida Təhlükəsizliyi Agentliyi və Ombudsman bu barədə həyəcan təbili çalırsa, bununla bağlı parlamentə müraciət olunursa, deməli, ciddi addımlar atılmalıdır". Xanım deputat 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılmasının qadağan olunması, həmçinin bu tələbləri pozanlara qarşı sərt cəzaların tətbiqini zəruri sayıb: "Kimlərsə pul qazanacaq deyə, millətin gələcəyini təhlükəyə atmaq doğru deyil".   Tibb üzrə ekspert, professor Adil Qeybulla düşünür ki, maarifləndirmə işi olmadan inzibati qadağalar mənasızdır: "Hesab edirəm ki, əsas məsələ energetik içkilərin nəzarət altına alınmasını mexanizmidir. Bu içkilər hal-hazırda bütün mağazalarda açıq şəkildə satılır. Sahibkarlar bu içkiləri satmaqda maraqlıdır. Hər kəsdən şəxsiyyət vəsiqəsi tələb etmək mümkün deyil. Məncə, bu məsələnin inzibati qaydada qadağan edilməsi mümkün deyil. Ona görə də təbliğat işlərini gücləndirmək lazımdır. KİV-də bu məsələ xüsusilə işıqlandırılmalı, energetik içkilərin sağlamlığa zərəri haqqında mütəxəssis rəylərinə əsaslanan materiallar hazırlanaraq ictimaiyyətə təqdim olunmalıdır. Valideynlər və uşaqlar bu içkilərin həqiqətən zərərli olduğunu dərk etməlidir. Qadağa qoymaqla nəyəsə nail olmaq mümkün deyil. Energetik içkilər inkişaf edən orqanizmə böyük ziyan vurur. Onların tərkibində protein, taurin kimi maddələr və müxtəlif qarışıqlar var. Bəzi energetik içkilərin texniki standartlara uyğun şəkildə hazırlandığı da bəlli deyil. Bu maddələr ürək döyüntülərini artırır, ürəyə artıq yük düşür. Bəzən hətta ağır ürək patologiyalarına qədər gətirib çıxara bilir. Belə içkilər, həmçinin beyinə də həddən artıq yorucu təsir göstərir. Bu mənada gənclərin energetiklərdən kütləvi şəkildə istifadə etməsi məqsədəuyğun sayılmır. Bu təkcə gənclərə deyil, böyüklərə də aiddir. Ona görə də maarifləndirmə işləri aparılmalı, bu içkilərin anti-təbliğat kampaniyası həyata keçirilməlidir. Yalnız düzgün təbliğat aparıldığı halda biz uğura nail ola bilərik".