Dolma və silikon


Digərləri 31 Mar 2019 21:27:00 207 0

Dolma və silikon

Son.az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

Dünyanın ən böyük "Apple" mağazalarından birinin yanındakı kafedəyəm. Görüşəcəyim dostum gecikir. Gah telefonda nəsə oxuyur, gah da mağazaya girən müştəriləri incələyirəm. Çoxu 20-30 yaşında gənclərdir. Modern texnologiyalar həyatlarının ayrılmaz hissəsidir. Smart telefon və sosial şəbəkələrdən istifadəyə görə türk gəncləri dünyada ilk sıralardadırlar.

İqtidar partiyası Bələdiyyə seçkiləri ərəfəsində Yenikapıda son İstanbul mitinqini keçirir. Yollar tıxacdır, dostumu gözləyərkən telefonda gözümə Embry Tech adlı bir startap haqda xəbər sataşır. Erməni startapı Embry Tech 2018-ci ilin 5 ən çox investisiya qoyulan şirkəti olub. Startapın fəaliyyət sahəsi oturaq həyat tərzi ilə artıq çəki ilə mübarizədir. Xəbəri oxuyub telefonu yığışdırıram. Ovqatım təlx olur. Tərslikdən qəhvəm də buza dönüb.

Qarşıdan dostumun gəldiyini görürəm. Yanında Makulu bir İran azərbaycanlısı tanışımız var. Nəyisə qızğın müzakirə edirlər. Yaxınlaşan kimi mövzunun "Sarı gəlin", "Qoç Əli" və "dolma" olduğunu anlayıram. İkisi də bizimkidi - biri Şimallı, o biri Cənublu. İki azərbaycanlı riyaziyyatçı. "Embry Tech adını eşidibsinizmi?",- deyə sual edirəm. Eşitməyiblər, bunların dərdi başqadır...  

* * *

Kompüterdə oynadığım ilk oyun Tetris idi. Dediyim kompüter də akademik Azad Mirzəcanzadənin aspirant otağına zorla sığmış, böyük "şkaf"lardan və "əyrimçə" monitordan ibarət heybətli bir dəmir-dümür yığını idi. O qədər böyükdü ki, 7-8 nəfər gizlənpaç oynasa "yuman" adam kimsənin yerini tapa bilməzdi - hərə bir modulun arxasında gizlənə bilərdi. Aspirant dostlarımla oturub, oynamaq üçün saatlarca növbə gözləyərdik. Bizim dövrün riyaziyyatçıları Aleksey Pajitnov (Алексей Пажитнов) adını xatırlayarlar yəqin - Tetris ideyasının müəllifi olan sovet proqramçısı. Oyun 1984-də çıxmışdı. SSRİ EA-nın Hesablama Mərkəzində çalışan Pajitnov  Tetrisin ilkin versiyasını "Paskal" dilində "Elektronika-60" kompüteri üçün yazmışdı. Tetrisin kommersiya versiyasını isə artıq Spectrum HoloByte adlı amerikalı şirkət hazırlamışdı.

35 il sonra isə eşidirik ki, məyərsə Tetrisi hazırlayan 4 nəfərdən biri Ermənistanın indiki prezidenti Armen Sarkisyandır. Həmtəsisçisi olduğu "Tetris Wordtris" şirkəti oyunun müxtəlif modifikasiyasının hazırlanması və satışı ilə məşğuldur. Sarkisyan özü də çıxışında oyunun yaradıcılarından biri olduğunu deyib. Müəllif hüquqlarının əvvəl IBM və Nintendo-da, indi isə ABŞ-da qeydə alınmış "Armenika" adlı bir şirkətdə olduğunu söyləyir. Arsız ermənilər hətta qondarma Arsax "respublikasının" bayrağındakı həndəsi fiqur - "tetramino"nun da Tetrisdən götürüldüyünü deyirlər. Lakin internet resurslarında nədənsə Tetrisin "erməni əsilli" olması haqda güvəniləcək material yoxdur.

Armen Sarkisyan fizika-riyaziyyat fakultəsindən məzun olub, fiziki sistemlərin kompüter modelləşdirilməsi ilə məşğul olub, Kembricdə çalışıb, Harvardla əməkdaşlıq edib. Ermənistanın İngiltərədəki ilk səfiri olub, diplomat və prezident olana qədər bəlli bir elmi-pedaqoji fəaliyyəti var. Hər şeyi "özününkiləşdirmək" istəyən ermənilər də Tetrisi məhz bu sahədə çalışanın ayağına yazacaqdılar. Və belə də etdilər. Heç demə onlar təkcə musiqi və kulinariyada deyil, intellektual sahədə də oğurluq edirlərmiş. Ancaq mənə yer eləyən erməninin Tetris oğurluğu deyil, onun İnformasiya Texnologiyaları (IT) sahəsində qazandığı uğurlar oldu...

* * *

Ermənilərin IT sektoru sürətlə inkişaf edir. Onlar bu yolda tarixi müttəfiqləri olan Rusiya ilə deyil, ABŞ-la əməkdaşlıq edirlər. Təkcə 2016-cı ildə IT sektorundakı dövriyyə 500 milyon dollara çıxmışdı ki, bu da Ermənistan ÜDM-nin 6 %-nə bərabərdi.  Armenian Global Community ölkədə 700-dən çox IT şirkətinin qeydə alındığını deyir. Nüfuzlu Forbes jurnalı bəzi erməni startaplarının investorların böyük marağına səbəb olduğunu yazır.

2018-də Ermənistanda ən sürətlə inkişaf edən sahə IT sektoru oldu. Ümumən bu sektor ildə 20 % artır. Nefti və qazı olmayan, dünyaya çıxışı məhdud olan kiçik bir ölkə üçün IT mövcudiyyət məsələsinə çevrilib. Faktiki olaraq Ermənistan XXI əsrin "Yeni texnologiyalar erası"na hazırlanır. Microsoft, Google, Oracle kimi nəhənglər artıq Ermənistanda öz ofislərini açıblar. Burada çalışanlar erməni gəncləridir. Hökümət "açıq qapılar" siyasəti yürüdərək, xarici IT şirkətlərinin ekspansiyasını dəstəkləyir. Synopsys, D-Link, VMW kimi şirkətlər də artıq bazarda aktiv yer alıblar. Intel-in elmi-tədqiqat mərkəzi önəmli araşdırmalar aparır. Inet Technologies şirkətinin həmtəsisçiləri Sem Simonyan və arvadı Silva Yaradıcı Texnologiyalar Mərkəzi (TUMA) açıblar. Mərkəzin Şurasında Twiitter-in keçmiş vitse-prezidenti, UBER-in icraçı müdiri kimi tanınmış simalar var. Microsoft şirkəti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birgə İnnovasiyalar Mərkəziaçıb. Bu mərkəz erməni tələbələrin açdıqları innovasiya şirkətlərini dəstəkləmək üçün qurulub. Amerikanın Ermənistandakı keçmiş səfiri Con Heffernin bu sözlərinə diqqət edin: "Ermənistanın sabahlarının açarı onun Beyin Gücüdür. Amerikanın Ticarət nazirliyinin hesabatına görə Ermənistan MDB ölkələri arasında adambaşına düşən ixtira sayına görə birinci yerdədir".

Torpaqlarımızın 20%-ni işğal etmiş ölkə millətin qurtuluş yolunu elmdə, yeni texnologiyalarda görür, bunun üçün sistemli fəaliyyət göstərir. Əllərindəki məhdud maliyyə imkanlarını modern gənclər yetişdirməyə xərcləyir. Nəhayi hədəfləri Ermənistanda öz Silikon vadisini yaratmaqdır.

* * *

Silikon vadisi (Silicon Valley) adını Kaliforniyanın cənub-şərqindəki silisium yataqlarından alır. 1891-ci ildə Kaliforniyanın Palo Alto şəhərciyi yaxınlarında bu gün dünyanın ən qüdrətli universitetlərindən biri olan Stanford universiteti açılır. Qərb sahilləri infrastruktur olaraq az inkişaf etdiyindən məzunlar iş üçün şərqə üz tuturdular. Stanforddan professor Federik Tepmen yüksək texnologiyalar sənayesini inkişaf etdirmək üçün gəncləri önə çəkməyə başlayır. Vilyam Hyulett (William Hewlett, 1913-2001) və David Pakkard (David Packard, 1912-1996) öz şirkətlərini təsis edərək, generator istehsalına start verdilər. 20 il içində "Hewlett-Packard" (HP) nəhəng bir korporasiya oldu, kompüter istehsalı sahəsində dünya devinə çevrildi.  "HP"dən sonra "General Elektric", "Kodak" kimi şirkətlər fəaliyyətə keçdilər, ortaya inkişaf etmiş bir texnopolis çıxdı. Stanford ətrafında fərqli bir atmosfer vardı - azadlıq ruhu, yoldaşlıq və elmi fəaliyyətin sintezi. Kaliforniya istedadlı gənclərin cazibə mərkəzinə çevrildi. Universitet tələbələrə həm də biliklərini əməli olaraq tətbiq etməyə fürsətlər yaradırdı. 1970-80-lər Silikon vadisinin "altun dövrü" oldu, "Apple", "Electronic Arts", "Cisco Systems" kimi dünyanın aparıcı şirkətləri yarandı.