31 mart soyqırımında Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı


Digərləri 31 Mar 2019 19:23:00 272 0

31 mart soyqırımında Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı

1918-ci ilin 31 martında Bakıda törədilən soyqırımında çoxlu itkilər versə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi.  

Son.az oxu.az-a istinadən bildirir ki, bunu tarixçi-alim, millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, həmin ilin mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində dəfə olaraq respublika üsul-idarəsini qurdu, respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi:

"Bakı şəhəri sentyabrın 15-də azad edildi.

Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü.

Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı.

Azərbaycan xalqı taleyinin sahibi oldu.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.

Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idi.

Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı.

Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 31 mart tarixi iki dəfə  - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi.

Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.