Ayasofya: Pravoslav kilsəsi, məscid və muzey


Digərləri 30 Mar 2019 19:26:00 268 0

Ayasofya: Pravoslav kilsəsi, məscid və muzey

Türkiyə prezidenti Recep Tayyip Erdoğan cəmiyyətin və İslam dünyasının "illərdir Ayasofyanı məscid olaraq görmək istədiyini" əsas gətirərək 31 mart bələdiyyə seçkilərindən sonra Ayasofya Muzeyinin məscidə çevrilməsiylə bağlı proses başladılacağını açıqlayıb.

Erdoğan deyib ki, "Məscidin muzeyə çevrilməsi çox böyük səhv idi. Biz də dedik ki, çox böyük ölçüdə tələb olduğuna görə belə bir addım atmağın zamanı gəlib".

Bu qərarı tənqid edənləri "ehkam kəsməkdə" günahlandıran Erdoğan ardınca bunları deyib:

"Əl-Əqsa məscidiylə bağlı o qədər hücumlar olur, səsiniz çıxırmı? Adamlar Əl-Əqsaya çəkməylə girilər, şüşələri qırıb-tökürlər, "Quran-i Kərim"ləri yerə atırlar. Biz müsəlmanıq, bu bizim heysiyyatımıza toxunur. Əsrlədir davam edən hədəfimizdən artıq geri addım atdıra bilməzlər.

Ümumiyyətlə, muzey mövzusu əsrlərlə-filan əlaqəli deyil, bu məscidin muzeyə çevrilməsi yaxın tarixə aiddir. Seçkilərdən sonra kərə yağından tük çəkirmişik kimi çəkib, bu işi tamamlayacağıq".

Bir həftə əvvəlsə Erdoğan Ayasofya Muzeyinin ibadətə açılması təkliflərini "siyasi oyun" adlandırmışdı.

İlk dəfə martın 16-sında, Tekirdağ mitinqində bir vətəndaşın muzeyi yenidən məscidə çevirmək təklifinə Erdoğan belə reaksiya vermişdi:

"Əvvəlcə Sultanəhməd Məscidini doldurun, ondan sonra baxarıq. Təzə tikdirdiyimiz Böyük Camlıca məscidi 4-5 Ayasofya böyüklüyündədir. Anadolu yaxasında, bütün İstanbulda və Türkiyədə ən böyük məsciddir. Məsələ bunda deyil, işin siyasi tərəfi var. Yan tərəfdəki Sultanəhməd Məscidini doldurmursan, biz Ayasofyanı dolduraq... Bu oyunlara gəlməyək, bunlar hamısı oyundur. Biz nə vaxt nəyi necə etməyi çox yaxşı bilirik. Bu namussuzlar belə dedi deyə biz addım atmarıq".

Prezident Erdoğan 16 martda Tekirdağ mitinqində çıxış etdi

Bir həftə içində iki fərqli münasibət

25 martda canlı yayımlanan bir müsahibəsində Ayasofya Muzeyinə girişin pulsuz olması tələbləriylə bağlı suala Erdoğan fərqli münasibət bildirib:

"Mümkün olmayan iş deyil. Adını artıq muzey yox, Ayasofya Məscidi qoyarıq. Turistlər Sultanəhməd, Fatih məscidlərinə gedirlər, hər hansı məbləğ ödəyirlərmi? Eyni qaydanı Ayasofyaya da tətbiq edərik. Muzey statusundan çıxar. Onsuz da o status sonradan verilib. Bu da yenə CHP zehniyyətinin addımıdır. Bu addımı dəyişdirərik".

26 martda Trabzonda keçirilən bir partiya tədbirində Erdoğan eyni mövzuda aşağıdakı fikirləri söyləyib:

"Seçkilərdən sonra Ayasofya yenidən əslinə qaytaracağıq. Bu nə deməkdir? Yəni Ayasofyanı muzey olmaqdan çıxarıb məscid adı verməklə öz təbii halına gətirəcəyik. Trump qalxıb Qüdsü paytaxt elan edir. Eləmi?

Qolan təpələrini işğalçı İsrailə aid edir, eləmi? Siz də Türkiyədən bir cavab alacaqsıznız, təbii ki... Alacaqsınız".

25 martda ABŞ prezidenti Donald Trump İsrailin 1967-ci ildə işğal etdiyi Suriyaya aid Qolan təpələrini bu ölkənin ərazisi olaraq tanımaq barədə qərar imzalayıb.

Erdoğanın "CHP zehniyyətinin addımıdır" dediyi Ayasofya Muzeyinin bu statusa qədərki tarixçəsinə nəzər salaq.

Ayasofya təxminən 1000 il Roma Pravoslav kilsəsi olub

Ayasofyanı Bizans imperatoru Konstantin tikdirib, 360-cı ildə kilsənin açılışını edib.

404-cü ildə taxta damı yanıb, geniş miqyaslı təmir işləri aparılıb. 532-537-ci illər aralığında Bizans imperatorun I Justianın əmriylə aparılan inşaat işlərindən sonra indiki halına gəlib.

Yepiskopluğun mərkəzi olan və Bizans imperatorluğunun böyük önəm verdiyi kilsəni bizanslı mühəndis Miletus İsidor və riyaziyyatçı Tralles Anthemius inşa ediblər, tikintidə 10 mindən çox adam iştirak edib.

Tikintisi 5 il 10 ay çəkən kilsəni Bizans tarixçiləri dünyanın ən böyük tikilisi adlandırıblar.

Kilsənin içindəki mozaiklər 565-578-ci illər aralığında tamamlanıb.

1204-cü ilə qədər müxtəlif zəlzələ və yanğınlardan ziyan görən kilsə dəfələrlə yenidən inşa edilib.

1204-cü ildəki səlib yürüşü zamanı xaçlıların əlinə keçib və 1261-ci ilə qədər Roma Katolik Kilsəsi adlandırılıb.

1261-ci ildə bizanslılar Konstantinopolu yenidən ələ keçiriblər və Ayasofya təkrar Pravoslav kilsəsi olaraq istifadə edilməyə başlanıb.

Osmanlının İstanbuldakı ilk məscidi

Osmanlı padşahı Fatih Sultan Mehmet 26 may 1453-cü ildə Konstantinopolu ələ keçirəndə Ayasofya yaralı Bizans əskərlərinin, qadın və uşaqların sığınma yeri olub.

Sonrakı bir neçə gün Pravoslav kilsəsi mənsubları Ayasofyada ibadətə davam ediblər.

1 iyun 1453-cü ildə Fatih Sultan Mehmet orda cümə namazı qılıb, Osmanlı idarəçiliyində Ayasofyanın məscid olaraq istifadə ediləcəyini bildirib.

Mehrab və minbər inşa edilib, kilsə zəngi və xaç götürülüb, mozaiklərin üstü örtülüb.

1481-ci ildə ilk minarəsi tikilib. Fatih Sultan Mehmetdən sonra taxta keçən Sultan II Bəyazidin vaxtında daha bir minarə tikilib.

1509-cu ildəki böyük İstanbul zəlzələsində ilk minarəsi dağılıb, yerində kərpicdən yenisi tikilib.

Digər iki minarə Sultan II Səlimin zamanında, memar Sinanın məsciddə apardığı yenilənmə işləri çərçivəsində inşa edilib.

Müxtəlif zamanlarda tikildikləri üçün Ayasofyanın 4 minarəsi bir-birindən fərqlənir.

II Səlimin türbəsi Ayasofyadakı ilk padşah türbəsidir.

Məsciddə padşahlara, onların arvadlarına və şahzadələrə aid 43 türbə var.

Aralarında Sultan III Murad, Sultan III Mehmet, Safiyə Sultan və Nurbanu Sultanın da məzarları var.

Sultan Əhməd 1611-cı ildə Əhməd Məscidini inşa etdirənə qədər Ayasofya Osmanlı dövlətinin ən böyük və ən önəmli məscidi olub.

1739-cu ildə məscidə mədrəsə, kitabxana və mətbəx əlavə edilib. 1847-1849-cu illər aralığındakı yenilənmə işləri zamanı qapadılan Ayasofya məscid olaraq sonuncu dəfə 1849-cu ildə istifadəyə verilib.