STAR neft emalı zavodunda bütün qurğular istismara verilib


Digərləri 29 Mar 2019 15:48:00 324 0

STAR neft emalı zavodunda bütün qurğular istismara verilib

Martın 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri işgüzar səfər çərçivəsində Əliağa yarımadasında olub, Petkim, STAR neft emalı zavodu (NEZ), SOCAR Terminalı və şirkətə məxsus olan digər müəssisələrin cari vəziyyəti ilə tanış olub, STAR zavodu İdarə Heyətinin toplantısında iştirak ediblər.

SOCAR-dan Son.az-a verilən məlumata görə, iclasda qeyd olunub ki, zavodun tam istismar gücünə çatdırılması ilə əlaqədar istehsalat göstəricilərində ilin əvvəlinə nisbətən mühüm irəliləyiş əldə olunub. 5 ay müddətində əsas sazlama işləri uğurla tamamlanıb, zavodun bütün qurğuları istismara verilib. STAR NEZ artıq yanvar ayında "SOCAR Türkiyə"nin neft emalı-neft kimya inteqrasiyası çərçivəsində istehsal etdiyi ilk nafta məhsulunu "Petkim"ə tədarük edib, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxararaq Türkiyə və Azərbaycanın iqtisadiyyatına töhfələr verməyə başlayıb.

STAR NEZ ən son texnologiyalarla təchiz olunub. Sənaye 4.0 tələblərinə uyğun layihələndirilən zavodda rəqəmsallaşma infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər davam edir. İclasda STAR zavodunun rəhbərliyi qarşısında istismar dövründə əməliyyat effektivliyinin təşkili ilə bağlı konkret vəzifələr qoyulub və müvafiq tələblər müəyyən edilib.


Xəbərə aid fotolar