Keçmiş israilli zabit: Münaqişə olsa, Suriya ordusu darmadağın olacaq


Dünya 27 Mar 2019 19:55:00 205 0

Keçmiş israilli zabit: Münaqişə olsa, Suriya ordusu darmadağın olacaq

ABŞ prezidenti Donald Tramp təəccübləndirməyə davam edir. Ağ Ev rəhbərinin bir çox qərarları geniş müzakirələrə və polemikalara yol açır. Onun İsrailin Suriyanın işğal altında olan torpaqları - Qolan təpələri üzərində suverenliyinin tanınması barədə fərmanı son bir neçə gün ərzində gündəmi zəbt edib. Trampın bu qərarı beynəlxalq siyasi qaydaları tamamilə dəyişir, müəyyən bir presedent yaradır; beynəlxalq hüquq artıq sərhədlərin pozulmazlığını təmin etmir.

Son.az xəbər verir ki, israilli politoloq, İsrail müdafiə qüvvələrinin keçmiş zabiti Rami Suris oxu.az-a verdiyi müsahibədə Trampın bu qərarı, onun bu qərarı nə üçün məhz indi qəbul etməsi və bu qərarın Yaxın Şərq regionu üçün və ümumiyyətlə, beynəlxalq siyasətdə hansı nəticələrə gətirib çıxaracağı barədə danışıb.

- ABŞ prezidenti İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyıb. Bu addımı necə dəyərləndirirsiniz və bu, hansı nəticələrə gətirib çıxa bilər?

- Ondan başlayım ki, bir çox ölkələrdə seçkilər ərəfəsində, yəni seçkilərə azı bir ay qalmış beynəlxalq təmaslar şəklində inzibati resurslardan istifadə etmək məqsədilə beynəlxalq səfərlər qadağan olunub.

İndiki halda baş nazir postuna namizədlərdən biri və hazırkı baş nazir faktiki olaraq inzibati resursdan istifadə edib və İsraildə kifayət qədər populyar olan prezident Trampın dəstəyini qazanmaq məqsədilə ABŞ-a yollanıb.

Bu, ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanıması şəklində özünü büruzə verdi.  Bütün bu proseduru elə məhz Trampın hazırkı İsrail baş nazirinə seçkiqabağı dəstəyi kimi nəzərdən keçirmək lazımdır. İctimai rəy sorğularının nəticələrinə görə, o, İsrail vətəndaşlarının çoxluğunun səsini qazanmayıb.

Qolan təpələri və oradakı vəziyyətin bu mövzu ilə az əlaqəsi var. Təpələr Altıgünlük müharibənin gedişində tutulduğu andan bəri - 52 ildir ki, İsrailin nəzarətindədir. İsrailin onun üzərində suverenliyi çoxdan qanun şəklində təsbit olunub.

Beynəlxalq ictimaiyyət həmin vaxt bölgənin İsrailə ilhaqını tanımamışdı. Elə indi də tanımır və  yaxın gələcəkdə tanıyacağı gözlənilmir də. Ona görə, bir daha təkrarlayıram, bunun təpələrin statusuna heç bir təsiri yoxdur.

- Trampın bu qərarını beynəlxalq münasibətlərin tam iflası kimi qiymətləndirmək olar?

- Beynəlxalq münasibətlərin iflası, eləcə də, ümumilikdə beynəlxalq hüququn iflası çoxdan baş verib, bunu bu gün də müşahidə edə bilərik. Bir ölkənin, hətta dünyanın ən güclü dövlətinin suverenliyi tanıması mahiyyət baxımından beynəlxalq təhlükəsizlik sistemi və beynəlxalq qanunvericilikdə heç nəyi dəyişmir.