Ruhi tarazliqdan məhrum olanlar – sələmçilər


Digərləri 26 Mar 2019 22:10:00 220 0

Ruhi tarazliqdan məhrum olanlar – sələmçilər

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 275-ci ayəsində buyurur:

الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لاَ يَقُومُونَ إِلاَّ كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَن جَاءهُ مَوْعِظَةٌ مِّن رَّبِّهِ فَانتَهَىَ فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللّهِ وَمَنْ عَادَ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

"Sələm yeyənlər (qiyamətdə qəbirlərdən) şeytanla təmas təsirindən pərişan və divanə olmuş kəs kimi qalxarlar. (Tarazlıqlarını saxlaya bilməyib, gah yıxılar, gah da durarlar.) Bunun səbəbi odur ki, dedilər: "Alış-veriş də sələm kimidir." "Hansı ki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Hər kəs Rəbbindən ona çatan moizəni eşidib (sələm yeməkdən) çəkinsə, keçmişdəki (sələm yolu ilə əldə etdiyi) mal onundur. Onun işi Allahın ixtiyarındadır. Amma yenidən (sələm yeməyə) qayıdanlar od (cəhənnəm) əhli olacaqlar və onlar orada əbədi qalarlar."

Son.az maide.az-a istinadən bildirir ki, ayədə qeyd olunan "riba" sözünün lüğətdə mənası çoxluq, artım deməkdir. İslam şəriətində "riba" (sələm) borcda artıq almaqdır. Riba həm pul, həm də mala aid ola bilər. Bəzən pulu borc verir, veriləndən artıq alırlar. Bu, borcda olan ribadır. Bəzən bir mal verir, alanda isə həmin malı artıq alırlar. Bu da ribanın növlərindəndir.

Ayədə sələm yeyən (ribaxor) şeytan tərəfindən tarazlığı pozulmuş, yıxılıb-duran adama oxşadılır. Bu məna ayədə "xəbt" sözü ilə ifadə olunur. "Xəbt" hərəkət zamanı tarazlığın pozulması, yıxılıb-durmaqdır.

Sələmçi qiyamətdə divanələr kimi məhşur olar. Çünki o, dünyada ictimai tarazlığın pozulmasına səbəb olmuşdur. Sərvətpərəstlik onun bəsirət gözünü kor etmiş, o, öz əməli ilə təbəqələr arasında elə bir ixtilaf və kin yaratmışdır ki, bu fəqirlik və kin partlayışlara səbəb olmuş və mülkiyyət əsaslarını titrətmişdir. Bu zümrə üçün sələm kök, alış-veriş isə budaqdır. Ona görə də onlar deyirlər: Alış-veriş də sələm kimidir və onlar arasında fərq yoxdur.

Sələmçilik, sələm almaq və sələm vermək ilkin İslam dövründən tənqid olunmuşdur. Məkkədə nazil olmuş "Rum" surəsində buyurulur: "(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir." ("Rum"/39.)

"Ali-İmran" surəsində Allah sələmi qadağan etmiş və bu ayələrdə sələmçilik ən ciddi şəkildə tənqid olunmuşdur. ("Ali-İmran"/130.)

"Nisa" surəsində xatırladılır ki, yəhudi dinində də sələm haram olmuşdur. (Bax: "Nisa"/161.)

Sələmin haramlığı Tövratda da zikr edilmişdir. ("Tövrat", "Sifre-xüruc", f.23, c.25; "Sifre-Laviyan", f.25.)

Sələmlə bağlı ayələr infaq ayələrinin ardınca gəlir. Bununla var-dövlət vasitəsi ilə ortaya çıxan xeyir və şər bəyan olunur. İnfaq əvəzsiz vermək, sələm isə əvəzsiz almaqdır. İnfaqın hər bir yaxşı səciyyəsi qarşısında sələmin cəmiyyətdə yaratdığı mənfi səciyyə dayanır. Ona görə də, Quran buyurur: "Allah sələmdən ələ gəlmiş sərvəti puç edir, amma sədəqəni artırır."

Sələm bütün İslam firqələrində qəti şəkildə qadağan olunmuş və kəbirə günahlardan sayılmışdır. İmam Sadiqə (ə) bir şəxsin sələmçiliyi barədə xəbər verildikdə Həzrət buyurdu: "Əgər imkanım olsaydı, boynunu vurardım." ("Vəsailuş-şiə", c.12, səh.429.)

İmam Əli (ə) sələmçi ilə qarşılaşdıqda ondan tövbə qılmasını tələb etdi. Həmin şəxs tövbə etdikdən sonra Həzrət onu rahat buraxdı və buyurdu: "Sələmçiyə öz işindən tövbə etdirilməlidir. Necə ki, şirkdən tövbə etdirilir."

İmam Baqirin (ə) belə buyurduğu nəql olunmuşdur: "Ən xəbis qazanc sələmçiliyin qazancıdır." ("Kafi", c.5, səh.147.)

Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah bir məntəqəni həlak etmək istəsə, orada sələmçilik zahir olar." ("Kənzul-ummal", c.4, səh.104.)

"Allah sələmçiyə, bu işdə vəkilə, şahidə və katibə lənət buyurmuşdur." ("Vəsailuş-şiə", c. 12, səh.430.)

Sələmin haram buyurulması haqqında deyilir: "Sələmçilik pul kütləsinin istehsal sahəsində və ümumi faydalı işlərdə dövriyyəsinə mane olur. Əmək, düşüncə və zəhmət əvəzinə puldan bəhrə götürülür. Ona görə də sələm haram buyurulur."