"Nazarbayev yenidən prezident ola bilər"


Dünya 24 Mar 2019 15:39:00 206 0

"Nazarbayev yenidən prezident ola bilər"

Nursultan Nazarbayevin istefası taktiki xarakter daşıyır və siyasi manevrdən başqa bir şey deyil.

Son.az bildirir ki, bunu virtualaz.org-a bütün postsovet məkanı üçün səs-küylü hadisəni şərh edərkən qazaxıstanlı politoloq Maksim Kaznaçeyev deyib.

O xatırladıb ki, Qazaxıstanın eks-prezidenti respublikanın Təhlükəsizlik Şurasının sədri və "Nur Otan" iqtidar partiyasının lideri vəzifələrini öz əlində saxlayıb.

"Əslində, istefa növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədardır. Konstitusiyaya görə, seçkilər ən uzağı iki ay ərzində keçirilməlidir. Artıq keçmiş prezident olan Nazarbayev, yəqin ki, seçkilərdə iştirak edəcək. Parlamentin spikeri Kasım-Jomart Tokayev isə, sadəcə olaraq, seçkilərin nəticələri məlum olana qədər prezidentin vəzifələrini icra edəcək. Beləliklə, hələlik söhbət vəzifələrin transferindən deyil, Nazarbayevin növbəti seçkilərindən gedir", - ekspert hesab edir.

M.Kaznaçeyev qeyd edir ki, Qazaxıstan prezidenti mütəmadi olaraq - seçkilər mexanizmi vasitəsilə öz legitimliyini təsdiq edir. Son 15 il ərzində heç bir prezident seçki kampaniyası konstitusiya ilə nəzərdə tutulmuş müddətlərdə baş tutmayıb. Növbəti seçkilər 2020-ci ildə keçirilməli idi və qərara alınıb ki, seçkilər bir il tez təşkil olunsun. Bu cür təcrübə Qazaxıstan üçün normadır.