Müsəlmanin davranişlari


Digərləri 23 Mar 2019 21:15:00 210 0

Müsəlmanin davranişlari

Bir insan İslamı qəbul etdikdən sonra artıq bütün düşüncə və davranışlarını Allahın razılığını qazanmaq məqsədilə istiqamətləndirməlidir. Bu istiqamətlərin əsaslarını Allah peyğəmbərinə göndərdiyi Qurani-Kərimdə bəyan edib.  Müsəlman olan şəxs əvvəlcə Quranı yaxşı öyrənməlidir.  Onu həyatına yerləşdirməli, sonra isə ailəsinə və ətrafındakılara təbliğ etməlidir.  Bu vəsilə ilə həm özünə, həm də ailəsinə və ətrafındakı insanlara daha doğru davranmış olar, belə olduqda, müsəlmanlar daha faydalı iş görmüş və gözəl nümunə olmuş olarlar. Necə ki, Peyğəmbərimizə endirilən ayələri əvvəl özü hifz edərdi, sonra yaxınlarını və ətrafındakıları dəvət edərdi. Təzyiqlərə,  təhdidlərə məruz qalsa da, Allahın dediklərini təbliğ etmədə  nə güzəştə getdi, nə də nifrətlə və ya zorla bu yolu qəbul etdirdi. Bu sahədə Peygəmbərin (s.a.v.) həyatı  müsəlmanların götürəcəkləri nümunələrlə doludur.

Təəssüf ki, İslamı yeni qəbul etmiş insanların əksəriyyəti özlərinin qəbul etdiyi həqiqəti və işlədiyi əməli başqalarına qısa zamanda aşılamağa çalışırlar. Bu cür davranış insanlarda ya fitrətlərindən, ya qayğılarından, ya da hər hansı yaxşı niyyətlərindən irəli gəlmiş ola bilir. Lakin bu cür davranışlar quruculuqdan çox dağıdıcılığa, sevgidən çox nifrətə, birlikdən çox parçalanmağa gətirib çıxarır. Çünki müsəlmanlar daha fitrətlərini Qurana əsasən tərbiyə etmədən,  hisslərini və qayğılarını Ona görə formalaşdırmadan, öz davranışlarını təbliğlərinə əks etdirərək - buna emosiya və həyəcanlarını da qataraq - Allah adına İslam yoluna dəvətə girişirlər. Üstəlik Qurandan bildiyi bir neçə ayə və bəyəndiyi bir neçə hədis xaricində heç bir biliyi olmayan  əlinə aldığı bir şüarla hər kəsi silib süpürən zəlalətdə görənlər İslamın və müsəlmanlığın doğru əks etdirilməsinə maneə törədirlər. İnsanlar bunların münasibətini İslamın, müsəlmanlığın nümunəsi kimi götürürlər. Necə insanlar İslamı qəbul etdikdən sonra öz qıt anlayışlarına görə dini formalaşdırıb həyat yoldaşını boşamağa cəhd göstərmiş,  ata-anasının qanını halal saymış, öz fikrində olmayan bütün müsəlmanları kafir olaraq görmüşdür. Gücü yetənlərə təzyiq etməyə başlamış, yetməyənlərin də təzyiqinə məruz qalmışdır.

Çinli Lao Tzunin belə bir sözü vardır: Tanrı sizə istədiyiniz insanları deyil, ehtiyacınız olan insanları verir. Belə ki, o insanlar sizə kömək edəcək.

-Sizi incidəcək,

-acı verəcək,

-sizi sevəcək,

-sizi tərk edəcək və

-lazım olan insan şəklinə çevirəcəkdir.

İndi isə Allahın və Rəsulunun müsəlmanlar üçün qeyri-müsəlmanlara qarşı qoyduğu ölçülərin bir qisminə nəzər yetirək:

Allah Təala Quranda belə buyurur: "Mələklərə: "Adəmə səcdə edin" dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdilər. İblis səcdə etmədi, kibirləndi və kafirlərdən oldu." (Bəqərə 34.) Allah mələklərin yanında insanı ucaltdı və ona dəyər verdi. Allahın yaratdığı hər şeyin bir dəyəri vardır insanın olmazmı? Son anına qədər imtahan edir. Ondan sonra bu dəyərini və şərəfini ya əbədiyyən itirib cəhənnəmə gedir, ya da əbədiyyən qoruyub cənnətə daxil olur. Bu, Allahın yaratdıqlarına qoyduğu qaydadır, buna sünnətullah da deyilir.

Bir başqa ayədə: "Allah sizinlə dini mövzuda savaşmayan və sizi yurdlarınızdan  çıxarmayanlara yaxşılıq etməyinizi və ədalətli davranmağınızı qadağan etməz. Çünki "Allah adil olanları sevər." (Mumtəhinə 60/8), - deyilir.

Çoxunun eşitdiyi və bildiyi bir ayədə də Allah Təala: "Dində məcburiyyət yoxdur." (Bəqərə 256) buyurur.

Bu səbəblə biz də insanlara heç bir təzyiq göstərmədən, son anlarına və anımıza qədər təbliğ edəcəyik. Lutun(a.s.) arvadı və Nuhun (a.s.) arvadı və oğlu iman etmədilər. Bu barədə onlara təzyiq də göstərmədilər. Çünki  hər kəsin cəhənnəmə getmə hürriyyətləri vardır. İbrahimin (a.s.) atası,  onu çox istəməsinə rəğmən iman etmədi. Son Peyğəmbərimiz Muhamməd (s.a.v.) insanları çox sevən o rəhmət Peyğəmbəri yaxınlarının iman etmədiyinə çox üzüldüyü zaman Allah bu ayələri endirir: "Şübhəsiz ki, sən sevdiklərinə hidayət verə bilməzsən; bilavasitə Allah kimə hidayət verəcəyini yaxşı bilir. Allah bilir, siz bilməzsiniz." (Qəsəs 56)

Hər müsəlman yaxınlarının iman etməsini istəyir. Ancaq Allah hər kəsə fərqli düşünmə, hərəkət etmə səlahiyyəti  vermişdir. Bəzən pis insanlar bizim savab işləməyimizə və cənnətə getməyimizə vasitəçi olurlar. Bu, Allahın yaratdıqlarına qoyduğu dialektik qanunudur. Allah Təala belə buyurur:  "Əgər Allah əmr etsəydi, yer üzündə olan hər kəs iman edərdi. O halda sən  insanları inanmaları üçün məcburmu edəcəksən?" (Yunus 11/99)

Bütün bu ibrətləri nəzərə almadan keçmişdə olduğu kimi günümüzdə də müsəlmanlardan bir çoxu Allahın dinini zorla yeritməyə çalışırlar. Müsəlmanların bu həvəs və həyəcanlı dəvəti qarşı tərəfin qəbul etməməsiylə nifrətə, kinə çevrilməyə başlayır. Sonra da fətvaları verilir...Bununla da bitməz, davranışlar kobudlaşır, əlaqələr kəsilir və dəvət bitmiş sayılır...Daha betəri, bu metodla hərəkət etməyən və özləri kimi inanıb davranmayan müsəlmanları belə zəlalətdə görür,  kafirlərin dostu və yaltağı kimi qələmə verirlər.