Həzrəti Hüseynin ölümünə sevinənlər


Digərləri 23 Mar 2019 20:45:00 179 0

Həzrəti Hüseynin ölümünə sevinənlər

İmam Hüseyn (r) Ubeydullah ibn Ziyada əsir düşmək istəmədiyi üçün Cümə gününün səhəri iki tərəf arasında döyüş başlayır. Əlbəttə ki, İmam Hüseynin (r) ordusunun sayı zalım dəstənin ordusunun sayı yanında müqayisə olunacaq qədər deyildi. Ona görə də çox az və sadiq olan bu dəstənin hədəfi yalnız İmam Hüseynin (r) qarşısında ölmək idi. Nəhayət ölümdən qorxmayaraq İmam Hüseynin (r) qarşısında sinələrini qabağa atan bu igidlər bir-birinin ardınca dünyalarını dəyişirlər.

Son.az din.az-a istinadən bildirir ki, beləliklə yalnız İmam Hüseyn (r) qalır. Oğlu Əli (r) (Zeynəl-Abidin) xəstə olduğu üçün döyüşə qoşulmayaraq çadırda qalmışdı. İmam Hüseynə (r) uzun müddət heç bir kəs yaxınlaşaraq hücuma keçmir və hücum edən də onu öldürərək özünü bəlaya atmaq istəmədiyi üçün geri çəkilir.

Döyüş bu minvalda davam edərkən Şimr ibn zil-Covşən gələrək insanları səsləyir və deyir:

"Vay olsun sizə! Analarınız itirsin sizi! Onu mühasirəyə alın və öldürün!"

Onlar da İmam Hüseyni (r) əhatəyə alırlar. Şəhidlikdən qorxmayan İmam Hüseyn (r) çox igidcəsinə qılıncı ilə onların aralarına girərək bir neçəsini öldürür. Lakin buna baxmayaraq çoxluq şücaətə qələbə çalır. Yenə də Şimr "vay olsun sizə! Nə gözləyirsiz?! İrəliləyin!" deyir və onlar İmam Hüseyni (r) şəhid edirlər. İmam Hüseynin (r) o mübarək başını kəsən Sinən ibn Ənəs ən-Nəxai, yaxud da elə Şimr ibn zil-Covşənin özü olduğu deyilib.

Cox qəribədir ki, əvvəllər Şimr İmam Əlinin (r) dəstəsində olaraq imamın şiəsi iddiasında idi, bu gün isə onun oğlu olan Hüseynin (r) başını kəsir. Allah onların üzünü qara etsin... Necə də Peyğəmbər (s) nəvəsini, Əli (r) və Fatimə (r) balasını və Cənnət cavanlarının ağasını öldürməyə əlləri gəldi?! İmam Hüseyn (r) şəhid edildikdən sonra mübarək və məsum başı Kufədə olan və İmam Hüseynin (r) qətlinə qol çəkərək müsəlmanlar tərəfindən qarğış və lənətlər qazanan Ubeydullah ibn Ziyadın yanına aparılır. O, lağ ilə əlindəki çubuğu Hüseynin (r) ağzına toxundurur. Bu zaman çox yaşlı səhabələrdən və Peyğəmbərin (s) xidmətçilərindən olan Ənəs ibn Malik (r) qocalığına baxmayaraq ayağa durur və deyir:

"And olsun Allaha, səni pis hala salacam! Mən Peyğəmbəri (s) sənin çubuğu ağzına qoyduğun yerdən öpdüyünü görmüşəm".

İmam Hüseynlə (r) bərabər Əhli-Beytdən öldürülənlər

İmam Əli (r) özündən əvvəlki xəlifələri sevdiyinə görə onlara beyət etmiş, onların həmişə sadiq məsləhətçisi olmuş, doğmaca Fatimədən (r) olan qızı ilə evləndirmiş və bunlarla kifayətlənməyərək hətta öz övladlarına belə onların adlarını qoymuşdur. Həmin xəlifələrin adlarını daşıyan Əhli-Beyt övladları da İmam Hüseynlə (r) birgə Kərbəlada igidcəsinə döyüşərək qətlə yetirilmişdirlər. Lakin çox qəribədir ki, bir çoxları minbərlərdə Kərbəla hadisəsini danışarkən bəzi batil səbəblərə görə o mübarək adları qeyd etməyərək hətta gizlətməyə belə çalışırlar. Mənə elə gəlir ki, həmin adları mənbələri ilə qeyd etmək oxucular üçün də maraqlı olardı.

Hicri təqvimi ilə 5-ci əsrin böyük imami alimlərindən olan Şeyx Mufid "Hüseyn bin Əli (ə) ilə Kərbəlada Əhli-Beytindən öldürülənlərin adları" adlı fəsil açaraq bunları qeyd edib:

"Onlar on yeddi nəfərdir. Hüseyn bin Əli (ə) isə onların on səkkizincisidir. Abbas, Abdullah, Cəfər, və Osman. Bunlar Əmirəlmumuninin (Əlinin) (ə) övladlarıdırlar. Anaları isə Ummul-Bənindir. Abdullah və Əbu Bəkr də əmirəlmumininin (ə) övladlarıdır. Anaları isə Leyla bint Məsud əs-Səqafiyyədir. Əli və Abdullah da Hüseyn ibn Əlinin (ə) övladlarıdır. Qasim, Əbu Bəkr və Abdullah Həsən ibn Əlinin (ə) övladlarıdır. Muhəmməd və Ovn isə Abdullah ibn Cəfər ibn Əbi Talibin (ə) övladlarıdır. Abdullah, Cəfər və Abdur-Rahmən isə Aqil ibn Əbi Talibin övladlarıdır. (On yeddinci isə) Muhəmməd ibn Əbi Səid ibn Aqil ibn Əbi Talibdir (r)."1

Oxuduğumuz kimi, Şeyx Mufidin təsdiqi ilə İmam Əli (r) müxtəlif qadınlarından olan iki oğluna Əbu Bəkr, bir oğluna isə Osman adını qoyub. Həmçinin İmam Həsən (r) də bir oğlunun adını Əbu Bəkr qoyub. Hətta digər alimlər İmam Əlinin (r) Kərbəlada öldürülmüş övladlarından birinin də Ömər olduğunu deyirlər. Bunu İbn Şəhr Aşub (ö. h. 588), "Mənəqibu Əli Əbi Talib" 3/255 İbn Əbil-Fəth əl-İrbilli (ö.h. 693), "Kəşful-Äžummə" 2/271, Seyyid Əli Xan əl-Mədəni (ö.h. 1120), "əd-Dərəcətur-Rafia" səh. 561 və digərləri öz kitablarında təsdiqləyiblər.

Digər imamlar da öz övladlarına Əbu Bəkr, Ömər və Osman adlarını qoyublar.2 Lakin mən burada yalnız Kərbəlada qətl edilənləri qeyd etdim. Əlbəttə ki, hər bir insan övladlarına yalnız sevdiklərinin adını və ləqəbini seçir. Diqqətlə nəzər salsaq görərik ki, bütün imamlar da övladlarını Əhli-Beytdən və digərlərindən yalnız sevdikləri və məşhur olan şəxslərin isimlərini seçərək adlandırmışdırlar. Belə olan təqdirdə o dövrdə ədalət simvolları sayılan xüsusən də birinci və ikinci xəlifədən başqa Əbu Bəkr və Ömər adları ilə tanınan hansı məşhurlar var idi? Əlbəttə ki, yalnız bunlar idi. Hətta o vaxtı Əbu Bəkr kunyəsi heç məşhur deyildi. Yalnız Xəlifə Əbu Bəkrdən (r) sonra məşhurlaşaraq sevilməyə başlanmışdır.

İmam Hüseynin (r) ölümünə sevinənlər?

Böyük İslam alimlərndən olan Əhməd ibn Teymiyyə (r) (ö.h. 728) İmam Hüseyni (r) öldürən lənətə gəlmişlər barəsində deyib:

"Hüseyni (r.a) öldürənə, öldürülməsinə kömək edənə və öldürülməsinə razı olana Allahın mələklərin və bütün insanların lənəti olsun..."3