Dinlər tarixinin əhəmiyyəti


Digərləri 23 Mar 2019 19:10:00 263 0

Dinlər tarixinin əhəmiyyəti

Hazırda başqa dinləri öyrənmək, onlar haqqında məlumat əldə etmək dünya görüşü ilə əlaqələndirilən məsələlərdən biridir. Ziyalı hər bir insan başqa dinlərlə bağlı məsələləri araşdırmaq və onların haqqında qısa da olsa, məlumat əldə etmək istəyir. Bunun üçün dinlər tarixini oxumaq kifayətdir. Dinlər tarixi müxtəlif dinləri, adlarını eşitdiyimiz və eşitmədiyimiz dinlər haqqında məlumat verən elm sahəsidir. Dinlər tarixi sayəsində dinlər haqqında ətraflı məlumat əldə edən insanlar dinləri asanlıqla müqayisə edə bilirlər.

Son.az din.az-a istinadən bildirir ki, hazırda insanlar, xalqlar bir-biriləri ilə ticari, iqtisadi, siyasi, mədəni, hərbi və dini əlaqələr qururlar. Bu münasibətlərin daha yüksək səviyyədə davam etməsi üçün qarşı tərəfin dini etiqadların bilinməsi çox əhəmiyyətlidir. Dinlər arasındakı rəqabət, missioner fəaliyyətləri insanların həm öz dinlərini, həm də başqa dinləri öyrənməyə sövq edib. Bir dini müdafiə etmək üçün başqa dinləri də yaxşı bilmək lazımdır. Əks təqdirdə, nailiyyət əldə etmək mümkün deyil. Bu bütün dinlərə və həmin dinlərin mənsublarına aiddir. Hər bir din mənsubu mənsub olduğu dini daha yaxşı öyrənməyə, dərk etməyə və başqa dinlərə qarşı müdafiə etməyə əhəmiyyət verir və həmin dini ən doğru din hesab edir.

Müxtəlif dinlərə mənsub olanlar arasında dinlər tarixinə qarşı mənfi münasibət bəsləyənlər var. Bu, dindaşlarının başqa dinlərin təsiri altında qalması qorxusu ilə bağlıdır. Əbul Həsən Əli əl-Həsəni ən-Nədvi başqa dinləri öyrənməklə bağlı bunları bildirir:

"Müqayisəli şəkildə dinləri öyrənməyə çox ehtiyac var. Çünki müsəlman müqayisə aparmasa, İslamın - bu kamil din vasitəsilə Allahın ona bəxş etdiyi nemətin dəyərini dərk edə bilməz..."1

Hətta bəzi yerlərdə böyük məscidlərin rəhbərləri təyin edilərkən belə şərt qoyulub: "İslamın uca həqiqətlərini göstərə bilməsi üçün müqayisəli şəkildə dinləri və dinlər tarixini bilməlidir."2

Dinlər tarixi sahəsində ilk və əhəmiyyətli işlər görənlər müsəlman alimlər olublar. Onlar bu məsələdə Quranı özlərinə rəhbər götürüblər. Çünki Quranda başqa dinlər haqqında məlumat verilir. Müsəlmanların Quranda qeyd edilən dinlərlə əlaqəli məlumatları daha ətraflı və yaxşı öyrənib dəyərləndirmələri ancaq dinlər tarixi ilə mümkün olub. Buna görə, başqalarından fərqli olaraq heç bir müsəlman dinlər tarixinə mənfi deyil, müsbət yanaşmalıdır. İslam alimləri dinlər tarixinin əhəmiyyətini dərk edərək başqa dinlərlə yaxından maraqlanıblar. Bu marağın müxtəlif səbəbləri var:

1. İslamın yayılmasından sonra müsəlmanların hakimiyyətinə daxil olanların və ya qonşuluqdakı xalqların, millətlərin inamlarını öyrənmək ehtiyacının ortaya çıxması.

2. İslamı başqa dinə inananlar arasında yaya bilmək üçün onların inandıqları dinlərin öyrənilməsi və İslamın üstünlüklərinin göstərilməsi.