Müaviyə kimdi?


Digərləri 22 Mar 2019 19:20:00 314 0

Müaviyə kimdi?

Bütün bu fərqli dəyərləndirmələr iki firqənin (sünni və şiənin) tarixə fərqli baxış tərzindən qaynaqlanır. Aralarındakı münaqişə də bu baxış tərzindən davam etməkdədir.

Məzhəblərin meydana gəlməsində tarixi hadisələrin təsiri olduğu kimi, Müaviyəyə lənət edilməsində ya da tam tərsinə, səhabə məqamına gətirilib həzrət deyə yad edilməsində də tarixi hadisələrin təsiri vardır. Keçmişdəkilərin elədiklərini günümüzə daşıyanların bir çoxu, şəxslər üzərindən dini dəyərləndirmələrə getməkdə və müsəlmanların bir birinə qarşı kin tutmasına, düşmənçiliyə səbəbiyyət verməkdədir. Halbuki Allah: "Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız." (Bəqərə, 2/134.)

Hər məzhəb, hər hansı bir həqiqəti ya da bir şəxsi Allahın kitabına görə deyil, öz məzhəbinə görə dəyərləndirir. Həmçinin Müaviyə haqqında da belədir. Müaviyəni müdafiə etmək, ona hz. Müaviyə demək üçün bir insanın təkcə Qurandan uzaq qalması yox, ədalət duyğularının da ölməsi lazımdır.

Əslində Müaviyə kimdir? Onun haqqında hər iki firqənin tarix kitablarında qeyd etdikləri ümumi məlumat belədir: Müaviyənin atasının adı Əbu Süfyan və anasının adı Hinddir. Ailəsi özü ilə birlikdə Məkkənin fəthində müsəlman olmaq məcburiyyətində qalmışlar. Rəsulullah Məkkə zəfərindən sonra Məkkə müşriklərinin hamısını sərbəst buraxır və o gündən etibarən "Tüləka=sərbəst buraxılanlar" adını alırlar. Müaviyənin atası Süfyan, sarsılan etibarlarını yenidən dirçəltmək üçün oğlu Müaviyəni Rəsulullaha təqdim edərək, vəhy katibi olaraq yanına almasını istəyir. Oxuma-yazması olduğu üçün rəsulullahın etiraz etmədiyi rəvayət olunur. Əhli Sünnə, Müaviyəni ən çox bu məqamda olduğu üçün müdafiə etməkdədir.[1]

Səhabə qavramını istismar edənlər, bir çox səhabə tərifinin yanında təkcə İbn Həcərin "səhabə, rəsulullahı görən və ona iman gətirənlərdir" sözünü əsas alaraq, Müaviyəni də səhabə kategoriyasına daxil etmək surətilə, onun elədiyi bütün pisliklərini örtməyə çalışırlar. Halbuki, səhabədən heç kim onu səhabə olaraq vəsf etməmiş və çoxu onu "fasiq, münafiq və ya kafir" kimi görmüşdür. Fəzilətinə dair uydurulan hədislərin yanında eyni müstəvidə pisliyinə dair hədislər də rəvayət edilmişdir.[2]

Eynilə, İncildə İsanın Həvariləri Pavlusa Həvari deməsə də sonrakı müctəhidlər Pavlusu Həvari adlandırmış və beləliklə yeni bir din Xristianlığın yaranmasına zəmin hazırlamışlar. O cümlədən İslam dininin müctəhidləri də eyni metodla hərəkət edərək, Müaviyəni səhabə cərgəsinə daxil etmişlər. Bununla da kifayətlənməmiş, onu yad etdikləri zaman həzrət, r.a. yəni, Allah ondan razı olsun deyə, yad etməkdədirlər. Deyək ki, səhabə olmuş: səhabə olmaqla bir insan hər cür pisliyi etməyə haqq qazanır? Bir də ki səhabə, Peyğəmbərin izindən getdiyi müddətcə səhabədir. Əgər xəyanət edərsə, artıq səhabə sayılmaz.