Dünyada neftlə şəkil çəkən yeganə rəssam Keçmişdəki mən FOTO


Digərləri 22 Mar 2019 00:45:00 288 0

Dünyada neftlə şəkil çəkən yeganə rəssam  Keçmişdəki mən  FOTO

Sabir Çopuroğlu: "Bir camışın pulu ilə iki il rəssamlıq oxudum"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Həmkarlarından fərqlənir. Onun fırçası barmaqları, boyası isə qara qızıldır. Nəinki Azərbaycanda, dünyada neftlə şəkil çəkən yeganə rəssamdır. Dünya Bakı neftini ikinci dəfə onun vasitəsilə tanıyıb. Bu dəfə əcnəbilər Azərbaycanı neft ölkəsi kimi tanımaqla kifayətlənməyib, ölkəmizin neftindən hazırlanan şəkilləri evlərinin ən yaxşı köşəsindən asıblar. Onun əsərləri dünyanın bir çox muzeylərində - ABŞ, Belçika, Yaponiya, Türkiyə, Almaniya, Britaniya və digər ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Söhbət rəssam-monumentalist, Azərbaycan Rəssamlar Birliyinin üzvü Sabir Çopuroğludan gedir. Qızıl əlləri ilə qara qızıldan xariqələr yaradan rəssamın keçmişinə səyahət etdik. 

Əslən Borçalıdandır, 1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil alıb.

"Kasıb olsaq da, xoşbəxt idik"   Uşaqlığından danışarkən həm sevinir, həm də kədərlənir. O illərin maraqlı, yoxsa faciəli keçməsinə qərar verə bilmir. Maraqlı tərəfi odur ki, uşaqlıq ən qayğısız illərdir. Faciəlidir ona görə ki, atasız-anasız böyüyüb: "Uşaqlığım maraqlı, bir o qədər də çətin günlərlə yadda qalıb. Amma nə də olsa, o illəri sevirəm. Məni Fatma nənəm böyüdüb. Atamla anam ayrıldıqdan sonra, hər biri fərqli insanlarla ailə qurub, öz həyatlarını yaşayıblar. 1 yaşımdan nənəmin himayəsində olmuşam. Nənəmi ana bilirdim. Bütün uşaqlığım da elə anamla (nənəmlə) bağlıdır. Nə ata, nə də ana sevgisi gördüm. Bu, mənim uşaqlığım faciəli tərəfidir. Amma kənd uşağı olmağın da zövqü başqadır. Kasıb olsaq da, xoşbəxt idik".   "Belimizdə odun gətirirdik"   Məktəb kənddən 8 km uzaqlıqda yerləşib. Müsahibimiz hər gün eyni yolu piyada gedib-gəlmək məcburiyyətində qalıb. Gəldikdən sonra da, evin həm kişisi, həm də qadını olan nənəsinə kömək edib: "Çantama 2 alma qoyub, acanda yeyirdim. Bizim mal-qaramız, qoyun-quzumuz var idi. Yadımdadır, nənəm inəyi sağanda, inək sakit durmadığı üçün mən başından yapışıb, mahnılar oxuyardım. Mal-qaranı hər gün otarırdım. Əlimdə tütək qoçun üzərində gedirdim. Bəzən nənəmlə meşədən odun yığardıq. Nənəm çox qoçaq qadın idi. Odunu belimizə şələləyib gətirirdik. Sonra ot biçirdik. Uşaqlığım belə hərəkətli və maraqlı keçirdi. Çox balaca kənd idi və hamı bir-birilə münasibətdə idi. Kəndin sakinləri əsasən yaşlı adamlar və uşaqlar idi. Gənclər kənddə qalmırdı. Uşaqlarla futbol oynayardıq. Nənəm yumurtaları satıb bir futbol topu almışdı. O topla kəndlərarası yarışlar keçirirdik". 

"Nənəm məni süpürgə ilə döyürdü"   Rəssamlığa da elə uşaqlıq illərindən başlayıb. Lakin bu istedadını əvvəlcə üzə çıxarmayıb: "Neftlə işləməyə həvəs də uşaqlıqdan yaranıb. Mən balaca olarkən nənəmin ayaqlarında, oynaqlarında ağrılar olurdu. Ona Naftalandan müalicə üçün bir şüşə neft gətirmişdilər. Nənəm əlini qara mayeyə batırır və ayaqlarına sürtürdü. Mən də kənardan izləyirdim. İstifadə etdikdən sonra şüşəni evin bir küncündə gizlədirdi. Bir dəfə gizlincə axtarıb həmin butulkanı tapdım. Əlimə töküb divarlara sürtdüm. Ağ divarları ləkələyirdim. Ağlıma nə gəldisə, divara çəkirdim. Nənəm gəlib gördü ki, divar qapqaradır. Möhkəm əsəbiləşdi və məni döydü. O vaxt onu bərk hirsləndirmişdim. Amma bu, mənə təsir etmirdi. Əlimə nə keçirdisə, onunla divarda rəsmlər çəkirdim, karandaşla divar kağızını yazırdım. Evimiz dağların, meşənin ətəyində idi. Yazın əvvəlində biz divarları ağardardıq, odun peçini çölə çıxarardıq. Mən də nənəmə kömək edirdim. Bir gün dedi ki, yuxarı çıx tüstü bacalarının borularını çıxar. Hisdən əllərim qapqara olmuşdu. Əlimi divara sürtdüm, başladım qaralmış əlimlə şəkillər çəkməyə. Bu, xoşuma gəldi. Nənəm məni ağacla, süpürgə ilə döyürdü. Döyülsəm də, o butulkadakı qara maye, hiss həyatımı dəyişdi. O vaxtdan məndə rəssamlığa həvəs oyandı. Tədricən bu istiqamətdə beynimdə müxtəlif ideyaların yarandığını hiss edirdim. O zaman qələmlə, fırça ilə də hərdən rəsm çəkərdim. Amma fikirlərimdə heç kimə izah edə bilmədiyim ideyalar yaşayır, daha da inkişaf edirdi".

"Bir camışın pulu ilə iki il oxudum"   Rəsmə marağı olduğu üçün dərslərini yaxşı oxumayıb. Bu istedadını kəşf edən müəllimi ona dəstək olub, xəyallarının ardınca getməsini tapşırıb: "Səhərə kimi yatmayıb şəkillər çəkirdim. Ətrafda nə görürdüm, əksini dəftərlərə köçürürdüm. Hətta evdə süfrənin belə arxasına şəkillər çəkirdim. Amma şəkillərim haqqında heç kimin məlumatı yox idi. Bir gün müəllimim mənim istedadımı kəşf etdi və şəkillərimi istədi. Baxdıqdan sonra məktəbdə sərgimi təşkil etdi. Məni həvəsləndirir, sənətin ardınca getməyim üçün motivasiya verirdi. Orta məktəbi bitirdikdən sonra Bakıya gəldim. Lakin Rəssamlıq Akademiyasına imtahana gecikdiyimdən Rəssamlıq Texnikumunda təhsil aldım. Sonra Gürcüstanda Rəssamlıq Akademiyasında oxudum".

Bakıda təhsil almağa gələrkən də maddi vəziyyətləri yaxşı olmayıb. Müsahibimiz deyir ki, nənəsinin satdığı camışın pulu ilə iki il Bakıda təhsil alıb: "Nənəmin çox sevdiyi camışı var idi. Heyvanı satdı və mənimlə şərt kəsdi ki, səni bu pulla Bakıya göndərirəm. Çalış iki ilə çatdır, oxu, gəl. Vəziyyətimiz yaxşı deyildi. Atam yox, anam baxmır. Tək nənəm dəstək olurdu. Bakıda həqiqətən də elə o camışın pulu ilə təhsil aldım".


Xəbərə aid fotolar