Səddamsız İraqın 16 ili:


Digərləri 20 Mar 2019 14:18:00 246 0

Səddamsız İraqın 16 ili:

Son.az Musavat.com-a istinadən İraqın işğalı və Səddam Hüseynin devrilməsi haqda yazını oxucularına təqdim edir. 

İraqın işğalı və Səddam Hüseynin devrilməsi hadisəsindən 16 il ötür. Əslində İraqın işğalı prosesi 1991-ci il "Səhrada tufan" əməliyyatından sonra başlamışdı, 11 sentyabr hadisəsinin ardınca ABŞ Əfqanıstandan sonra  İraqı işğal etməklə bu prosesi başa çatdırdı.

Lakin İraqın işğalı Yaxın Şərqdə başlayan terror və xaosun başlanğıcı oldu, obrazlı deyilsə, "Pandoranın qapağı" açıldı. Artıq 16 il ötüb, ancaq İraq hələ də özünə gələ bilmir. Çox uzaq olmayan keçmişdə baş verən hadisələr isə sürətlə cərəyan edirdi.

*****

2003-cü il martın 17-də ABŞ və Britaniya İraq lideri Səddam Hüseynə təslim olması üçün 48 saat vaxt verdi. Verilən vaxt tamam olduqda isə ABŞ və Britaniya ordusunun (ümumilikdə 400 min nəfər yaxın hərbçi - K.R.) rəhbərlik etdiyi 15 ölkədən ibarət koalisiya İraqa hücum etdi. Əvvəlcə Bağdad və İraq ordusuna məxsus mərkəzlər aviasiya və raket atəşinə tutuldu. İraqın bombalanması zamanı müttəfiq aviasiyası 1700 uçuş həyata keçirib, 504 ədəd "Cruise" raketi atılıb.

Hücumun zərbəsi kəskin idi, Körfəz müharibəsndən sonra faktiki olaraq əl-qolu bağlanmış Səddam Hüseyn ordusu 3 həftə tab gətirə bildi. Burada təbii ki, Səddamın sonunun çatdığını hiss edərək ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən generalların da rolu oldu. Hücum başladıqdan cəmi 20 gün sonra, aprelin 9-da artıq ABŞ tankları Bağdadın mərkəzində idi. Səddam qaçmış, onun hökuməti dağılmışdı. Mayın 1-də ABŞ prezidenti Corc Buş müharibənin başa çatdığını elan etdi. Ancaq işğal başa çatsa da, amerikalılar 2011-ci il dekabrın 15-dək rəsmən İraqda qalaraq savaşı davam etdirdilər. Amma İraqda sabitliyi bərpa etmək mümkün olmadı.

*****

İraqın işğalı ABŞ-a da baha başa gəldi, Buşun "xərcsiz" adlandırdığı müharibəyə Amerika 2,2 trilyon dollar xərclədi. Xərclər bu gün də davam edir. Amerika araşdırma institutlarının hesablamalarına görə, 10 illik savaş dövründə 122 min iraqlı ölüb, 135 min nəfər isə yaralanıb. Ancaq müstəqil araşdırma mərkəzləri 600, bəziləri isə 1 milyon iraqlının müharibədə qurban getdiyini təxmin edir.