İmam Cavadın həyatına qısa bir baxış


Digərləri 19 Mar 2019 23:55:00 207 0

İmam Cavadın həyatına qısa bir baxış

Rəcəb ayının 10-u İmam Cavadın (ə) doğum günüdür...

Rəcəb ayının 10-u, yəni Mart ayının 17-i imam Cavadın (ə) doğum günü idi və elə bu münasibətlə oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

"Cavadul-Əimmə" ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan misirli Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır. O, möminə və əxlaqi fəzilətlərə sahib bir qadın olmuşdur. İmam Rza (ə) onun barəsində buyurmuşdur: "O, pak-pakizə və fəzilətli bir qadındır." (Sireye-pişvayan", Mehdi Pişvayi, səh.529.)

Son.az maide.az-a istinadən bildirir ki, İmam Cavad (ə) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə) şəhadətindən sonra, 203-cü hicri-qəməri ilində imamət məqamına çatmış, imamət dövrü on yеddi il sürmüş və iki zülmkar Abbasi xəlifəsinin (Məmun və Mötəsim) dönəmində yaşamışdır.

İmam Cavad (ə) 220-ci h.q. ilinin Zil-həccə ayında Mötəsim Abbasinin xilafəti dönəmində (onun göstərişi və vəzirlərindən birinin katibi, başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin vasitəsilə zəhər yedizdirildi və) iyirmi beş yaşında ikən şəhadətə yetərək Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının kənarında dəfn olundu. ("Üsuli-kafi", c.1, səh.492.)