Bəhlul Danəndənin mifik deyil, real tarixi şəxsiyyət olması doğrudurmu?


Digərləri 19 Mar 2019 21:45:00 239 0

Bəhlul Danəndənin mifik deyil, real tarixi şəxsiyyət olması doğrudurmu?

Şərq ölkələrində, xüsusilə, Azərbaycanda Bəhlulu "danəndə" (bilici) və "divanə" (ağlını itirmiş) ləqəbi ilə tanıyırlar. Bəhlul konkret tarixi şəxsiyyətdir. O, VIII əsrdə İraqda yaşamış, İmam Cəfər Sadiqdən (ə) və İmam Musa Kazimdən (ə) dərs almışdır. Bəhlulun künyəsi Əbu Vüheyb, atasının adı Əmr idi. Abbasi xəlifəsi Harun ər-Rəşidlə müasir olmuşdur.

Son.az islam.az-a istinadən bildirir ki, bəzi kitablarda onu Harun ər-Rəşidin qardaşı və ya əmisi oğlu kimi də təqdim edirlər, amma bu məlumatın doğruluğu şübhə altındadır. Çünki bu halda Bəhlulu Haşimi və ya Abbasi nəsəbi ilə xatırlayardılar; halbuki onun nəsəbi Seyrəfi və ya Sufi imiş. Harun ər-Rəşid Bəhlulu Bağdad şəhərinin baş qazısı təyin etmək istəyirdi, amma o, zalım xəlifənin əyanlarına qoşulmaq fikrində deyildi. Deyirlər ki, özünü dəliliyə vurmağı İmam Musa Kazim (ə) Bəhlula məsləhət görmüşdü. Bu yolla Bəhlul həm xəlifənin təklifindən canını qurtardı, həm də öz haqq sözlərini qorxusuz söyləmək imkanı qazandı. Çünki şəriətə görə, ağlını itirmiş adam hər nə danışsa belə, ona cəza verilməz.