“Kaspersky Lab”: Azərbaycan fişing hücumlarının sayına görə 79cu yerdədir


Digərləri 19 Mar 2019 17:07:00 226 0

“Kaspersky Lab”: Azərbaycan fişing hücumlarının sayına görə 79cu yerdədir

2018-ci ildə "Kaspersky Lab" 500 milyona yaxın fişinq səhifəyə keçid cəhdinin qarşısını alıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

Son.az bildirir ki, "Kaspersky Lab" bu il ilk dəfə olaraq Azərbaycanı fişing hücumlar monitorinqinə daxil edib. Azərbaycan 169 ölkə arasında 13.83% göstərici ilə 79-cu yerdə qərarlaşıb. Siyahıda ilk pilləni 28.28%-lə Braziliya tutur. Sinqapur 4.54% göstərici ilə sonuncudur:

"2018-ci il bir daha sübut etdi ki, fırıldaqçılar xəbərlərdən öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Biz kriptovalyutalarla bağlı resurslara olunan fişinq hücumların sayında stabil artım müşahidə edirik. Kriptovalyutaların məzənnəsinin düşməsinə baxmayaraq, fırıldaqçılar və spamçılar bu bazardan yetəri qədər mənfəət əldə etməyə çalışırlar".

Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır.

2018-ci ildə "Kaspersky Lab" həlləri bu tipli saytlara edilən 3 milyondan çox giriş cəhdinin qarşısını alıb. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırma söz verilir. Lotereya kimi tətbiq olunan fırıldaqçılıqda "qurban"ı daha çox ilkin ödəniş etməyə həvəsləndirirlər və bunu mükafatlandırmanın həcminin ilkin ödənişdəki məbləğdən asılı olması ilə izah edirlər. Belə ki, ilkin ödəniş nə qədər çox olarsa, mükafatlandırma da müvafiq olaraq, bir o qədər artıq olacaq.

Ötən il "Kaspersky Lab" "özüyayılan" fişinqi ifşa etdi. Bu fişinq əsasən messenger və sosial şəbəkələrdə, xüsusilə də "Whatsapp"da çox geniş yayılmışdı. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirdilər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunurdu.