Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)


Digərləri 19 Mar 2019 11:26:00 226 0

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib (FOTO)

Energetika naziri “OPEC plus” tədbiri çərçivəsində bir sıra görüşlər keçirib

Bakı. Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov OPEC prezidenti Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui, İraqın baş nazirinin müavini, neft naziri Tamer əl-Qadban və Əlcəzairin “Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddur ilə görüşüb. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə neft hasilatının məhdudlaşdırılması ilə bağlı dekab qərarının neft bazarına təsiri və ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov “OPEC plus” formatında əməkdaşlığın bütün neft ölkələri üçün əhəmiyyətindən danışaraq, bu tədbirdə iştirakına görə təşəkkür edib. Manuel Kevedo Fernandes Venesuelada neft hasilatının kəskin azalmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü, ixrac bazarlarının diversifikasiyası üzərində işlədiklərini diqqətə çatdırıb. Hindistana neft ixracının dayandığını deyən nazir Rusiya və Çinin əsas istiqamətlər kimi nəzərdən keçirildiyini bildirib. Görüşdə Venesuelanın Dövlət Neft Şirkəti ilə əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb. BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə isə energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Qaz və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunmasında BƏƏ-nin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə əməkdaşlıq edilməsi təklif edilib. Görüşdə həmçinin bərpa olunan enerji sahəsində “Masdar” şirkəti ilə əlaqələrin intensivləşdirilməsinin vacibliyi də qeyd olunub.