Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq


Digərləri 19 Mar 2019 08:30:00 198 0

Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq

Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Özbəkistanın Turizmin Təlim-Konsaltinq Mərkəzi birlikdə beynəlxalq statuslu bələdçilər hazırlayacaqlar.

Son.az Trend-ə istinadən bildirir ki, AzTA və Özbəkistanın Turizmin Təlim-Konsaltinq Mərkəzi hər iki ölkədə peşəkar, eləcə də beynəlxalq statuslu bələdçilərin hazırlanması barədə razılığa gəliblər.

Bu razılıq Assosiasiya sədri Nahid Bağırovun Özbəkistanın adıçəkilən mərkəzinin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə edilib.

Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri qarşılıqlı məlumat mübadiləsinin aparılması, hər iki ölkədə təşkil olunan bələdçi təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq, eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığın əldə olunması məqsədi daşıyıb.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumata görə, gələnlərin 30,9 faizi Rusiya, 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.