Vyana aeroportu genişlənir


Dünya 19 Mar 2019 08:18:00 281 0

Vyana aeroportu genişlənir

Avstriyanın ən böyük aeroportu olan və paytaxt Vyananın yaxınlığında yerləşən Şvexat Beynəlxalq Hava Limanında üçüncü uçuş-enmə zolağının salınması ilə bağlı hüquqi çəkişmədə mühüm qərar verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avstriya Ali İnzibati Məhkəməsi üçüncü zolağın salınmasının ətraf mühitə mənfi təsir göstərməyəcəyinə dair ekspert rəylərini müsbət qiymətləndirib və zolağın tikintisinə müvafiq razılıq verib. Artıq uzun müddətdən bəri hava limanına yaxın ərazilərdə yaşayan sakinləri öz ətrafında birləşdirən vətəndaş təşəbbüs qrupları və təbiəti mühafizə təşkilatları üçüncü zolağın tikilməsinə qarşı müxtəlif instansiya məhkəmələrində mübarizə aparırdılar. Lakin Ali İnzibati Məhkəmə yeni zolağın inşası ilə ətraf mühit və yaxınlıqda yaşayan sakinlər üçün heç bir mənfi nəticələrin yaranmayacağı qənaətinə gəlib.

Şvexat Beynəlxalq Hava Limanının rəhbərliyi ali instansiyada qəbul edilmiş qərarı böyük məmnuniyyətlə qarşılayıb. Bildirilib ki, 2018-ci ildə 27 milyon sərnişinə xidmət göstərilən hava limanında bu il 30 milyon sərnişin gözlənilir. Bu isə öz növbəsində hava limanının genişləndirilməsini tələb edir.