Metropolitendə İLK DƏFƏ


Digərləri 18 Mar 2019 18:07:00 215 0

Metropolitendə İLK DƏFƏ

Novruz bayramında iki fərqli musiqi proqramı olacaq.

Novruz bayramında iki fərqli musiqi proqramı olacaq.

Bahar bayrmının gəlişi "Bakı Metropoliteni" QSC-də bu il də fərqli sosial layihələrlə zəngin olacaq.

Qurumdan Son.az-a verilən məlumata görə, sosialyönümlü tədbirlərdən biri ənənə üzrə konsert proqramı ilə bağlı olacaq. Lakin əvvəlki illərdən fərqli olaraq, budəfəki repertuarda daha bir yenilik ediləcək.

Novruz Bayramı günlərində sərnişinlərinə yüksək ovqat bəxş etmək üçün, həmçinin fərqli zövqləri nəzərə alaraq, konsert proqramına pianoçunun solo konserti də daxil edilib.

Mart ayının 19-u və 20-sində saat 16:00-dan 18:00-a qədər "İçərişəhər" stansiyasında beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə çıxış edəcək. İki saat ərzində onun sintezator ifasında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələrini, eləcə də məşhur dünya bəstələrini eşitmək mümkün olacaq.

Bununla yanaşı, xüsusi əlamətdar günlərdə "Bakı Metropoliteni" QSC-nin sərnişinlərə ərməğan etdiyi ənənəvi konsert proqramı da səsləndiriləcək. Milli muğam üçlüyü və instrumental kvartetin ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri canlı olaraq təqdim ediləcək. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçaları üstünlük təşkil edəcək. Milli muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, simli kvartet isə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir.

Konsert mart ayının 19-dan 21-nə qədər dörd stansiyada nəzərdə tutulub.