Nəsimi rayonunda Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib FOTO


Digərləri 18 Mar 2019 16:21:00 306 0

Nəsimi rayonunda Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib  FOTO

Bu gün Nəsimi Rayon İcra Hakimiyyətində Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Nəsimi Rayon İcra Hakimiyyəti və "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyub.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Asif Məhərrəmov bildirib ki, bu il martın 28-i Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yübileyidir: "Təhlükəsizlik orqanları bu müddətdə çox çətin və şərəfli yol keçib. İstər sovet, istər müstəqillik dövründə öz xidmətlərini lazımi səviyyədə həyata keçirib. Azərbaycanda təhlükəsizlik orqanının formalaşmasında ulu öndər Heydər Əliyevin böyük xidməti olub. Heydər Əliyev bu orqanda xidmətə başlayandan sonra ilk məqsədi bu sistemin milliləşməsi, milli kadrların yetişdirilməsi olub. Ümummilli lider buna nail də oldu. Təhlükəsizlik xidməti ölkənin onurğa sistemidir. Ölkədə sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə bu xidmətin rolu böyükdür".

A.Məhərrəmov bildirib ki, Heydər Əliyev təkcə təhlükəsizlik orqanlarının deyil, bütövlükdə Azərbaycanın inkişafına çalışıb: "Azərbaycan müstəqillik əldə etdiyi ilk vaxtlarda bəzi səriştəsiz şəxslərin səhlənkarlığı nəticəsində ölkə uçuruma gedirdi. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal olunması və digər mənfi hallar baş verirdi. Həmin şəxslər Azərbaycanı parçalamaq istəyirdi. Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdandan sonra bu özbaşınalığa son qoydu, ölkənin təhlükəsizlik orqanının möhkəmlənməsinə çalışdı. Məhz Heydər Əliyevin səyi nəticəsində ölkədə sabitliyə nail olundu və bu sabitlik bu gün də davam edir. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunub".

Tədbirdə çıxış edən "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayev bildirib ki, təhlükəsizlik orqanlarının yubiley tədbiri bir çox rayon və şəhərlərdə keçirilib: "Təhlükəsizlik orqanlarının keçdiyi yol keşməkeşli olub. 30-cu illərin repressiyaları Azərbaycan xalqına, onun ziyalılarına qarşı həyata keçirilib. Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq və digər ziyalılar repressiya qurbanı oldu. Azərbaycanlılara qarşı repressiyanın qarşısı alındı. Azərbaycanda 1937-1939-cu illər repressiyası onlarla ailəyə zərbə vurub. 16 Azərbaycan generalı günahsız olduğu halda şərlənərək güllələnib. O dövrdə bu insanlarla bağlı cinayət işlərinə rəhbərlik edən şəxslərin hamısı erməni olublar. Yəni ermənilər o vaxtdan azərbaycanlılara qarşı düşmən mövqedə olub. Heydər Əliyev bu orqana rəhbərliyə gələndən sonra bu sistemdə böyük dönüş yarandı. Ulu öndər Azərbaycan təhlükəsizlik orqanlarının milliləşməsi ilə bağlı səylər göstərməyə başladı. Həmin vaxt təhlükəsizlik orqanlarının milliləşməsi əsas məsələlərdən idi. 1953-cü ildən sonra orqanda azərbaycanlı kadrların sayı artırıldı".


Xəbərə aid fotolar