“İbrahim” surəsi


Digərləri 17 Mar 2019 20:50:00 300 0

“İbrahim” surəsi

"İbrahim" surəsi Məkkədə nazil olmuş və 52 ayədən ibarətdir. Amma surənin "Bədr" döyüşündə öldürülənlərə həsr olunmuş 28-29-cu ayələri Mədinədə nazil olmuşdur. Surənin adından məlum olduğu kimi, onun bir hissəsində bütsındıran İbrahim peyğəmbər (ə), onun müjdələri, moizələri və duaları haqqında söz açıldığından, surə "İbrahim" adlandırılmışdır. Surənin digər hissəsində Nuh və Musa kimi keçmiş peyğəmbərlərdən, "Ad"və "Səmud" qövmündən, onların sərgüzəştlərindəki ibrət dərslərindən danışılır.

Son.az maide.az-a istinadən bildirir ki, "İbrahim" surəsi də əvvəlki "Yunus", "Hud" və "Yusuf" surələri kimi, "müqəttəə hərfləri" - "Əlif, Lam, Ra" ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan surələrdə Quranın əzəməti və vəsfindən danışıldığından, bu surənin də ilk ayəsində Quran vəsf edilir və buyurulur:

الَر كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

"Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, həmd-sənaya layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik."

Bu surənin ilk ayəsində Quran və onun vəsfindən, insanların Quran vasitəsilə zülmətlərdən nura çıxmasından söz açıldığı kimi, son ayəsi, yəni 52-ci ayəsində də Qurandan, onun vəsfi və hidayətə təsiri, moizə və nəsihət olmasından danışılır. Həmin ayədə buyurulur:

هَـذَا بَلاَغٌ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِ وَلِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُوْلُواْ الأَلْبَابِ

"Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın yeganə məbud olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!

Surənin ortalarında müşriklər təhdid edildikdən sonra, "tövhid nişanələri"ndən söhbət olunur, Allahın bəzi nemətlərinə toxunulur və tövhid qəhrəmanı həzrət İbrahimin (s) sərgüzəşti nümunə olaraq göstərilir. Surənin 35-41-ci ayələrində o həzrətin duaları, raz-niyazı və öz əhli-əyalını Məkkə səhralığında Allaha tapşırmasından danışılır. 37-ci ayədə buyurulur:

رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلاَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ