Azərbaycan və Səudiyyə Ərəbistanı alternativ enerji sahəsində əməkdaşlıq edəcəklər


Digərləri 17 Mar 2019 13:48:00 245 0

Azərbaycan və Səudiyyə Ərəbistanı alternativ enerji sahəsində əməkdaşlıq edəcəklər

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA POWER" şirkəti arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Samir Vəliyev və "ACWA POWER" şirkətinin direktoru Ayad Əl Amri imzalayıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir.

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Energetika Nazirliyi Azərbaycanın zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək, ölkənin elektrik enerjisi istehsalı gücünün şaxələndirilməsi hesabına enerji təhlükəsizliyini gücləndirmək və təmiz enerji istehsalını həyata keçirmək məqsədi ilə beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. "Hazırda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası hazırlanır, investorların cəlbi üçün mexanizmlər üzərində işlənilir. "ACWA POWER" şirkəti ilə əməkdaşlıq bu sahədə fəaliyyətin səmərəli təşkilində, bərpa olunan enerjinin istehsal xərclərinin azaldılmasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinə, bərpa olunan enerji layihələrinin gələcəkdə həyata keçirilməsinə töhfə verəcəkdir"-deyə, nazie müavini əlavə edib.