Uşaqlarda ayaq ağrısı hansı xəstəliklərə işarədir? –


Digərləri 16 Mar 2019 22:10:00 280 0

Uşaqlarda ayaq ağrısı hansı xəstəliklərə işarədir? –

Azyaşlılarda ayaq ağrılarının olması valideynlərin tez-tez rastlaşdığı şikayətlərdəndir. Bu isə valideynləri çox narahat edir. Uşaqlarda ayaq ağrısı eşidən kimi valideynlərin çoxu bunu revmatizmlə əlaqələndirirlər. Halbuki, bu, heç də hər zaman revmatizmlə əlaqəli olmaya bilər. Bəs görəsən azyaşlılarda sıx rastlanan ayaq ağrılarının səbəbləri nədir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, pediatr Aytən İsmayılzadənin dediyinə görə, uşaqlarda ayaq ağrısı müxtəlif xəstəliklərlə bağlı ola bilər. Ona görə də valideynlər bəzi məqamlara xüsusi diqqət etməlidirlər: "Məsələn, uşağın neçə yaşı var, ağrılar nə vaxt olur, neçə müddətdir davam edir? Fiziki aktivlikdən sonra baş verirmi, yanaşı hansı əlamətlər var? Əgər ağrı gecələr olursa və uşağı yuxudan oyadırsa, çox güman ki, böyümə ağrılarıdır. Böyümə ağrıları 3-4 yaşda başlayır, aylarla davam edə bilir. Əsasən, günortadan sonra, axşama doğru artmağa başlayır. Səhər yuxudan duranda heç bir əlamət qalmır. Böyümə ağrıları diz, topuq ətrafı, baldır nahiyəsində, əzələlərdə olur. 8-12 yaşda yenidən görülə bilir. Böyümə ağrıları uşağın həssaslığına bağlı olaraq baş ağrıları və qarın ağrıları ilə də müşayiət olunur".

Həkimin sözlərinə görə, ayaq ağrıları gəzintidən, qaçmaq, hoppanmaq kimi fiziki aktivliklərdən sonra olursa, burada əzələ-bağ aparatının zəifliyindən şübhələnmək olar: "Zəiflik deyəndə əzələ-bağ aparatı, qığırdaq, sümük toxumasının matriksini əmələ gətirən maddələrin azlığı nəzərdə tutulur. Bu isə yalnız kalsium demək deyil. Əsas kükürd birləşmələri - sulfatlaşmış aminoşəkər birləşmələri yetərincə olmadıqda bu toxumalarda bioproseslər fiziki aktivlik vaxtı yüklənmə hesabına ağrı baş verir. Belə olduqda rasionda zülallar, təbii məhsullar, torpaqda bitən və minerallarla eyni zamanda kükürdlə zəngin turp, brokoli, gül kələm, kələm, çuğundur, soğan, sarımsaq kimi qidalar üstün olmalıdır".

Uşaqda onurğa əyriliyi, kifoz, skolioz, yastıpəncəlik, əyripəncəlik varsa, bu zaman da ayaqda ağrılar qaçılmazdır. Həkim deyir ki, meteohəssas uşaqlarda yağışda, rütubət artanda, ayaqlara su dəyəndə, çimdikdən sonra da ağrılar olur. Bu isə revmatzm var demək deyil: "Revmatizm zamanı ayaqlar deyil, onun daxili zədələnir. Oynaqda qızartı, şişkinlik, ağrı, eyni zamanda hərarət olur".