"Təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq"


Digərləri 15 Mar 2019 20:39:00 247 0

"Təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq"

Son.az xəbər verir ki, problemli kreditlərlə bağlı ölkə başçısının imzaladığı fərmanla bağlı Oxu.Az-ın suallarını Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev cavablandırıb:

​- Problemli kreditlərlə bağlı ölkə prezidentinin məlum fərmanı devalvasiyadan zərər çəkən həm bankların, həm də vətəndaşların maliyyə sıxıntılarının aradan qaldırılmasına kömək edəcək. Sizcə, hər iki tərəfə münasibətdə ədalət prinsipi nə qədər qorunub? 

- 2018-ci ilin sonuna ölkə iqtisadiyyatına qoyulmuş kreditlərin tərkibində problemli kreditlərin payı 12.2% və ya 1 mlrd. 585 mln. manat təşkil edir. Azərbaycan prezidenti cənab İlham Əliyevin fevralın 28-də imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası tam başa çatdıqdan sonra prosesin problemli kreditlərin də azalacağına müsbət təsir edəcəyinə inanırıq.

Bu, eyni zamanda, banklar üçün də yeni imkanlar yaradacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, fərman daha çox sosial yönümlü bir sənəddir. Burada əhalinin həm problemli kreditlərinin faizlərinin silinməsi, əsas məbəğlərin çox güzəştli şərtlərlə qaytarılması üçün imkan yaradılıb, həm də devalvasiyalar nəticəsində onların borc yükündəki artımın kompensasiya edilməsi nəzərdə tutulub.

İlkin hesablamalar göstərir ki, əhaliyə ödəniləcək kompensasiyanın məbləği təqribən 670 mln. manat və onların problemli kreditlərinin silinəcək hissəsi isə təqribən 750 mln. manat həcmindədir.

Nəticədə, bu fərman ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin, təqribən 800 min nəfərinin vəziyyətinin yaxşılaşdırılmasına səbəb olacaq.

- Bu fərman iqtisadiyyatın və bank sektorunun inkişafında hansı rolu oynaya bilər? Banklarda yaranacaq əlavə likvid vəsaitlərin real iqtisadiyyata və kiçik, orta sahibkarlığa yönəldilməsi ilə bağlı gözləntilər nə qədər gerçəkdir? 

- Fərmanda banklara 682 mln. manat güzəştli kreditin ayrılması, ödəniləcək kompensasiyalar hesabına müştərilərin banklarda olan problemli kreditlərinin əsas məbləğinin ilk növbədə ödənilməsi nəzərdə tutulub ki, bu da banklarda müəyyən qədər likvid vəsaitin yaranmasına səbəb olacaq.