Azərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilib


Digərləri 15 Mar 2019 17:00:00 193 0

Azərbaycan Universitetində gənc tədqiqatçıların növbəti elmi konfransı keçirilib

Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların II respublika elmi konfransı keçirilib.

Bakı. Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların II respublika elmi konfransı keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, konfransda Bakı, Naxçıvan və regionlarda fəaliyyət göstərən 44 təhsil müəssisəsi, akademiya, elmi-tədqiqat institutlarında oxuyan və fəaliyyət göstərən, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçılar əldə etdikləri elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar. Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ümummilli liderin büstünün önünə gül səbəti qoyub, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bunu zəruri edən bir sıra amillər vardır. Prezident İlham Əliyev Azərbaycanda neft ixracına əsaslanan iqtisadiyyatdan insan kapitalına və texnologiyalara əsaslanan iqtisadiyyata keçid strategiyasını bəyan edib. Ölkəmizdə yeni innovativ texnologiyalara əsaslanan sənaye sahələrinin qurulmasını nəzərdə tutan bu strategiyanın uğurla yerinə yetirilməsi innovativ biliklərə malik insan kapitalının yaradılmasından asılıdır. Bu kapital isə məktəb, universitet, auditoriya, seminar və konfranslarda formalaşır. Gənclərin elmi-tədqiqat fəaliyyətinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlər gələcəyin etibarlı təminatı intellektual səviyyəli, müasir biliklərə sahib yüksək potensiallı kadrların yetişdirilməsinə xidmət etməlidir. Səadət Əliyeva bildirib ki, ölkəmizdə hər il fevralın 2-sinin Gənclər günü kimi qeyd olunması, həmin gün müxtəlif sahələr üzrə uğur qazanmış gənclərin Prezident sərəncamı ilə mükafatlandırılması, tələbə, magistrant və doktorantların təqaüdlərinin artırılması, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımların atılması artıq öz nəticələrini verir. Sevindirici haldır ki, elmi fəaliyyətlə məşğul olmağa qərar verən, özünün gələcəyini bu fəaliyyət sahəsində görən gənclərimizin sayı ildən-ilə artır. Bunu nəzərə alan Azərbaycan Universiteti gəncləri yeniliklərə, innovasiyalara, yeni texologiyalara yönəltmək istiqamətində fəaliyyət göstərir. Bu gün təşkil edilən Gənc tədqiqatçıların II respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir. Rektor deyib: “İnanıram ki, Azərbaycan Universitetində təşkil olunmuş konfranslar sizlərin gələcəkdə ciddi tədqiqatçı alimlər kimi yetişməyinizdə əhəmiyyətli rol oynayacaqdır. Çünki hər bir elmi konfrans əldə olunmuş elmi nəticələrinizi təqdim və müzakirə etmək üçün yeni imkan deməkdir”. Səadət Əliyeva konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.