Gürcüstan prezidenti Yerevanda Ermənistanı


Dünya 14 Mar 2019 23:58:00 269 0

Gürcüstan prezidenti Yerevanda Ermənistanı

Ermənistanda səfərdə olan Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin bu ölkənin rəhbərliyi ilə danışıqlarının mövzularından biri regional münaqişələr olub. Yerevanda aydınlaşdırmağa çalışıblar ki, Bakıda "Gürcüstan və Azərbaycan ərazilərinin işğalı" haqqında verdiyi bəyanatda Gürcüstan dövlətinin başçısı nəyi nəzərdə tutub. Nəticədə, Gürcüstan prezidenti nəinki Dağlıq Qarabağ üzrə öz mövqeyini təsdiq edib, həm də Ermənistan rəhbərliyinin ünvanına ittihamlarla çıxış edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki,Salome Zurabişvilinin sərt mövqeyi Gürcüstanın bütün postsovet dövrü ərzində Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinə münasibətdə sərgilədiyi "bərabər uzaqlıqda" siyasətinə son qoya bilər.

Yerevanda Gürcüstan prezidenti Salome Zurabişvilini qəbul edən Ermənistan rəhbərliyini qonşu dövlətin başçısının Bakıda verdiyi heç də birmənalı olmayan bəyanatı ilə bağlı izahatarı xüsusilə maraqlandırırdı. Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 27-də xanım Zurabişvili Azərbaycan və Gürcüstan ərazilərinin işğalı mövzusuna toxunmuşdu. Onun Gürcüstanın muxtar vilayətləri olan Cənubi Osetiya ilə Abxaziyanın Rusiya tərəfindən işğalı barədə söylədikləri heç kimi təəccübləndirmədi - belə ki, Gürcüstan rəhbərləri tez-tez Moskvanın ünvanına bu cür ittihamlarla çıxışlar edirlər. Lakin bu dəfə Gürcüstan prezidenti ilk dəfə açıq şəkildə Ermənistanı Dağlıq Qarabağın və ona bitişik bir sıra ərazilərin işğalında ittiham etdi.

"Biz, demək olar ki, eyni vaxtda ölkələrimizin müstəqilliyini bərpa etdik və eyni faciələri yaşadıq", - Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində Salome Zurabişvili bildirmişdi. Bu zaman Gürcüstan dövlətinin başçısı dəqiqləşdirmişdi ki, "oxşar faciələr" dedikdə məhz ərazilərin işğalını nəzərdə tutur.