ŞimalCənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb


Digərləri 14 Mar 2019 18:11:00 213 0

ŞimalCənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb

Azərbaycanda səfərdə olan İranın İqtisadi işlər və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoyublar.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran nümayəndə heyəti ilə keçirilən görüşündə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit, turizm, investisiya, energetika, İKT və s. sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzalirə edilib.

Nazir Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişafetdiyini, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, iikitərəfli əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulayıb. Qarşılıqlı hörmət və dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-İran əlaqələri son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və regional inkişafa öz töhfələrini verir.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74% artıb. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə "Xəzər" avtomobil istehsalı zavodunu göstərmək olar. Qeyd olunub ki, Zavodda istehsal olunan avtomobillərin artıq 95%-i satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında "Caspian Pharmed" birgə əczaçılıq zavodu tikiləcək.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində "Scania" markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur.

İranla əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən İqtisadiyyat naziri nəqliyyat-tranzit sahəsində də uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb. Böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Belə ki, bu məqsədlə müvafiq hüququ baza yaradılıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.

Bu günlərdə açılışı həyata keçirilən və mühüm əhəmiyyətə malik Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Uzunluğu 164 km olan Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox önəmli addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcəkdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamərində tədbirlər davam etdirilir. Qeyd olunub ki, 2018-ci ildə ötən illə müqayisədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb.

Bildirilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında "Xudafərin/Qız Qalası" və "Ordubad/Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.


Xəbərə aid fotolar