İtirdiklərimizi yenidən qazanmaq üçün ən gözəl zaman


Digərləri 12 Mar 2019 23:20:00 230 0

İtirdiklərimizi yenidən qazanmaq üçün ən gözəl zaman

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə yaşamaq nemətini nəsib edib. Allahdan istəyimiz budur ki, bizlərə bu neməti doğru-dürüst istifadəni nəsib etsin!

Hər dönəmin öz məsuliyyəti

Allahın inayəti ilə yeni bir mənəvi bəhsə keçirik. Biz dünyaya gəlirik, həyatımızın müxtəlif yaş dövrlərində, vaxtlarında, zamanlarında fərqli-fərqli məsuliyyətlərimiz olur. Deyə bilərik ki, insanın müxtəlif zamanlarda müxtəlif rolları, məsuliyyətləri, həyatının hər mərhələsinə uyğun üzərinə düşən vəzifələri var.

Uşaq vaxtının - öz, yeniyetmə vaxtının - öz, cavanlıq vaxtının - öz, orta yaşın - öz məsuliyyətləri var. İnsan bu dünyadan gedənə qədər yaşadığı hər müddətin, hər zamanın öz məsuliyyətləri var. Hətta ilin içərisində olan fəsillərə görə də məsuliyyətlərimiz fərqlənir. Yayda bir cür, qışda bir cür, payızda bir güc, baharda bir cür məsuliyyətlərimiz var.

İndi artıq baharın təravəti hiss olunmaqdadır. Necə ki, baharda təbiət yenilənir, bizim hallarımız, durumlarımız da gərək yenilənsin, inşəallah.

Bu, bir gerçəklikdir ki, insan müxtəlif zamanlarda fərqli mükəlləfiyyət və məsuliyyətlərə malik olur. İnsanın hər dönəm üçün Allah qatında müxtəlif öhdəlikləri var. Sözsüz ki, bizim dünyaya gələndən dünyadan gedən ana qədər Allah qatında bir ümumi məsuliyyətimiz var. Bu, Allaha bəndə olmaq məsuliyyətidir. Amma, bu ümumi məsuliyyətin təzahürləri, rəngləri, bölümləri yaşımıza görə, zamana görə, vaxta görə, hətta həftənin günlərinə görə fərqlənir. Cümə gününün öz məsuliyyətləri, həftənin digər günlərinin öz məsuliyyətləri var.

Əminliklə deyə bilərik ki, bizim həyatımızda zamana görə fərqli-fərqli məsuliyyətlərimiz var.

Zamanlar riyazi anlamda identik olsa da, imkanlarına görə fərqlidir

İkinci mühüm nöqtə budur ki, zamanın da özünün öz potensialı, öz keyfiyyət baxımından fərqliliyi var. Kəmiyyət anlamında gün - elə gündür, saat - elə saatdır. Riyazi anlamda biz deyə bilərik ki, müəyyən bir saat və digər bir saat eynidir - 60 dəqiqə və 3600 saniyədir.

Ayrıca baxdığımız bu bir saatın da içərisində altmış dəqiqə var, növbəti bir saatın da içərisində altmış dəqiqə var və bütün dəqiqələrin də eyni saniyələri var. Kəmiyyət baxımından zamanın eyniliyi mövcuddur. Amma, həmin eyni olan saatlar, günlər, həftələr, aylar fərqlənir. Deməli, insanın müxtəlif zamanlarda fərqli məsuliyyətləri olduğu kimi, zamanın da insan həyatında riyazi baxımından eyniliyi olsa da, özünün içərisində müəyyən fərqliliyi var.

Misal üçün səhərin, günortanın, axşamın, mövsümün, mənəvi təqvimlərin keyfiyyət baxımından fərqləri var. Həm biz müxtəlif zamanlarda müxtəlif məsuliyyətlərə malikik, həm də zamanın da özünün insanın istedadlarının üzə çıxması baxımından fərqliliyi var. Misal üçün, sübh vaxtının keyfiyyəti, imkanları daha fərqlidir.

Əldən verdiyimiz zamanı necə geri qaytaraq?

Üçüncü nöqtə budur ki, əgər insan əldən verdiyi bir gününü, bir həftəsini, bir ayını, bir ilini, bir neçə ilini geri qaytarmaq istəsə, nə etməlidir? Bir var ki, insanın bir saatı zay olub. Fikirləşir ki, mən bu bir saatı necə zay etmişəm və necə geri qaytarım? Bir də var ki, insan bir gün ayılır ki, həyatının böyük hissəsi başdan-başa zay olub.

Bir haşiyə çıxım. Dərslərin birində bir sual qoymuşduq ki, öz kimliyiniz haqqında nə vaxtdan düşünmüsünüz? Çoxlu cavablar gəldi. Bir nəfər də yazdı ki, "Mən utandım bu sualdan, cünki mən bu sual barədə qırxa yaxın bir yaşda ilk dəfə düşünmüşəm".

Adam ola bilər ki, əlli yaşındadır, amma heç bir zaman bu barədə düşünməyib. Bəzən ola bilər ki, insan altmış, yetmiş, səksən il yaşayıb, amma kim olduğu, nə üçün yaradıldığı üzərində bir dəfə də olsun, düşünməyib.

Bir var biz bir saatımızı, bir neçə saatımızı zay etmişik, bir də var ki, bir ömrümüz büsbütün zay olub. İndi biz istəyirik ki, o itirdiyimiz, hədərə gedən vaxtımızı və zamanımızı bərpa edək.

Sanki bir yoldur, bizi hədəfə aparır. Biz o yolda bir saatlıq məsafəni səhv getmişik, fərqli tərəfə gəlib çıxmışıq. İndi o səhv getdiyimiz yolu qayıtmaq istəyirik. Aydın havada, günəşli havada daha tez qayıdarıq, qaranlıq havada daha çətin olar. Yer yağış olmayanda, gün olanda daha tez gələ bilərik. Amma yağışlı havada, qarlı havada nə qədər çətin olar?!

Piyada gedərək, daha çətin qət edərik o məsafəni, amma müəyyən nəqliyyat vasitəsilə daha tez çatarıq. Nəqliyyatın da, havanın da, şəraitin də, fiziki durumun da səhv getdiyimiz yoldan yenidən doğru magistrala qayıtmağımızın müddətinə bilavasitə təsiri var. Ola bilər ki, tez qayıda bilək, ola bilər ki, gec qayıda bilək.

Amma elə də ola bilər ki, heç səhv getdiyimizdən xəbərdar olmayaq. Elə bilərik ki, həyat elə budur, bir gün sağa dönəcəksən, bir gün sola dönəcəksən...

Deməli, bir məsələ budur ki, biz yaşadığımız zamanlara görə Allah qatında fərqli məsuliyyətlərə malikik.

İkincisi budur ki, zamanın da özünün imkan və istedadları keyfiyyət baxımından fərqlənir.

Üçüncüsü budur ki, biz neçə ayımızı, ilimizi əldən vermişik, zay etmişik. İndi istəyirik qayıdaq - necə qayıda bilərik?

Geri dönüşün üç vasitəsi

Əxlaq mütəxəssisləri buyurur ki, qayıtmanın ən azı üç yolu var. Bu üç yol, üç vasitədən istifadə oluna bilər.

Birincisi budur ki, zamanın bətnindən istifadə edək. Zamanın imkanından istifadə edək.

İkincisi budur ki, məkanın bətnindən istifadə edək. Məkanın imkanından, potensialından istifadə edək.

Üçüncüsü budur ki, mühitin, müəllimin, moizənin potensialından, bətnindən istifadə edək.

Ümumən bətnin xüsusiyyəti nədir? Bətn deyilən şeyin xüsusiyyəti budur ki, bil-qüvvə, böyük potensialı olan bir varlığın ən zəif durumunda onu qəbul edir və müəyyən müddətə onu kamil hala gətirir. Yekunda həmin qəbul etdiyi zəif varlığı, kamil formada bətndən xaric edir və dünyaya təhvil verir.

Ana bətni nümunəsi - bunun ən bariz nümunəsidir. Biz görürük ki, rüşeym ən zəif vəziyyətdə gəlir, bəlli bir müddətdə ən kamil hala düşür, ondan sonra dünyaya təhvil verilir.

Bu baxımdan, zamanın özü bir bətndir. Zamanın özündə təkamül imkanları var. Necə ana bətnində insan ən zəif vəziyyətdən ən kamil vəziyyətə gəlir - zamanlar da analoji xasiyyətlərə, keyfiyyətlərə malikdir. Bəlli bir zamanlar var ki, o bəlli zamandan əgər doğru-dürüst istifadə olunsa, ən zəif vəziyyətdən ən kamil hala keçmək mümkün olar, insanın yeni bir mərhələsi başlaya bilər.

Məkanlarla da bağlı bu cürdür. Mühitlər də o cürdür. Bir gözəl mühit - öz-özlüyündə bir bətndir. Ən avara, yolunu çoxdan azmış insan, gözəl mühitdə gəlib ən ali dərəcəyə qədər ucala, yetişə bilər, təkamül keçə bilər.

İnsan yanlış getmişdirsə, üç vasitə ilə dönüb yoluna qayıda bilər. Zaman bətnindən, məkan bətnindən və mühit bətnindən istifadə etməklə yoluna qayıda bilər.

Bətnin xüsusiyyəti budur ki, istedadlı varlığı ən zəif, ən aciz halında, vəziyyətində qəbul edir, bəlli bir şəraitdə təkamül keçirdir, ondan sonra ən ali vəziyyətə çatdırır. Bununla missiya yekunlaşır və dünyaya təhvil verilmə baş verir.

Ana bətnində bir rüşeym təkamül keçərək, öz mənasında kamil insan vəziyyətini alır və bir bətndən növbəti bətnə keçid edir. Ana bətnindən dünyaya gəlib, dünya bətninə daxil olur.