Uşaqlar və texnologiya: qazanılan vərdişlər uşağa


Digərləri 12 Mar 2019 21:04:00 234 0

Uşaqlar və texnologiya: qazanılan vərdişlər uşağa

Ənənəvi kitab, yoxsa texnologiya? İndi dünyanı ekrandan izləmək müasir dövr uşaqlarını cəlb edən əsas məşğuliyyətdir. Nağıl kitablarını vərəqləmək vərdişini artıq mobil telefonlar, planşetlər əvəz edir. Bəs valideynlər bu haqda nə düşünür, texnologiya kitabı əvəz edə bilirmi və bu, uşaqların inkişafına necə təsir edir?

"Kitabın şəkillərinə baxandan sonra o, qızıma daha maraqlı olmur. Amma videolar vasitəsiylə informasiyanı daha tez yadda saxlayır", - Yəmən Haşımova yeddi yaşlı qızından danışır.

Qızında maraq yaratmaq üçün Yəmən Haşımova həftədə iki dəfə onunla Bakı Kitab Mərkəzinə gedir və Əminəyə bəyəndiyi kitabları oxuyur. Amma bu mütaliə telefonda izlədiyi görüntülü videoları əvəz etmir.

"Hər gün telefonu əlinə götürməyi, videolara baxmağı səbirsizliklə gözləyir. Telefonumdan yarım saat, bir saat istifadə etməyə icazə verirəm. Elə olur birlikdə oyunlara, cizgi filmlərinə baxırıq", -Yəmən Haşımova deyir.

Gənc valideynin fikrincə, nəzarət olunsa, uşaqlar texnologiyadan çox şey öyrənə bilərlər. Çünki internet vasitəsiylə onu maraqlandıran informasiyanı tez tapmaq olur. Kitabda isə bu imkanlar olmur.

"Telefonda interneti nə qədər limitli rejimə qoysan da kənardan manipulyasiyalar olur. Uşaqlara aid olmayan reklamlar, videolar çıxır. Kitab isə konkret bilirsən hansı mövzudadır, amma heyif ki, imkanları məhduddur", - o qeyd edir.

"Qızımın 4 yaşı tamam oldu, ad günündə nağıl kitabı hədiyyə etmişdilər. Bu günə kimi ona nağıl oxumamışam. İndi istədim nəsə oxuyum, gördüm diqqət ayırmır",- başqa bir valideyn Nərgiz Cəfərova deyir.

Nərgizin qızı iki yaşından Youtube-da videoları izləyir, anasının sözlərinə görə, o çox şeyləri - ingiliscə saymağı, rənglərin, meyvələrin adlarını və ona faydalı olan bir çox məlumatları öyrənib. Ana bir müddət Youtube-dən istifadəyə qadağa qoyduqda isə uşağın bu inkişafdan geri qaldığını müşahidə edib.

"Bağçadan evə gələndən sonra hər gün təxminən iki saata yaxın telefonla videolara baxır. Görüntü olmasa uşaq heç nəyə maraq göstərmir. Bağçada da çox şey öyrənmir",- Nərgiz deyir.

Nərgizin fikrincə, ənənəvi kitaba marağın olmamağı övladında böyük boşluq yarada bilməz, əsas interaktiv medianın hesabına çoxlu biliklər əldə etməkdir.