Manatla olan problemli kreditlər üzrə də güzəşt nəzərdə tutulur


Digərləri 12 Mar 2019 20:19:00 230 0

Manatla olan problemli kreditlər üzrə də güzəşt nəzərdə tutulur

"Problemli kreditlərin restrukturizasiyası üzrə, yəni yeni müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla kreditlərə də şamil olunacaq. Yəni məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq".

Bunu ötən günlərdə Mərkəzi Bankın baş direktoru Rəşad Orucov dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanını şərh edərkən deyib. O bildirib ki, kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək.

Son.az bildirir ki, məsələ ilə bağlı Sputnik Azərbaycan-a şərh verən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, sözügedən fərman əsasən iki istiqamətlidir: "Birinci istiqamət xarici valyutada olan kreditlər üzrə devalvasiyadan dəymiş zərərin kompensasiya olunmasıdır. İkinci istiqamət isə problemli kreditlərlə bağlı yaranmış vəziyyətə müəyyən qədər dəstəyin təmin edilməsidir".

"Birinci istiqamət artıq məlumdur. İkinci istiqamət üzrə isə 17 min manat ekvivalentində olan problemli kreditlər üzrə yenidən restrukturizasiya nəzərdə tutulur. Yəni faizlərin, dəbbələrin silinməsi, bu kreditlərin 5 il müddətində 1-ci il heç bir faiz ödəmədən, 1-ci ildən sonra isə il ərzində 1 faiz ödəmək şərtilə bu vəsaitin əsas borc qalığının geri qaytarılması nəzərdə tutulur" - deyə iqtisadçı bildirib.

O, bunu nümunə ilə də izah edib: "Məsələn, şəxsin 10 min manat kredit borcu varsa, məbləğ, təxminən 5 ilə bölünür. 1-ci ildə faiz tətbiq edilmir. Növbəti 4 il üçün 1 faiz tətbiq edilməklə krediti geri qaytarmış olur. Burada vətəndaş nə əldə edir? Birincisi, fərman qüvvəyə minən günədək olan bütün dəbbələr, faizlər silinir. İkincisi, iş problemli kredit siyahısından çıxarılır, məhkəmələrdən iş geri çəkilir".