Duzun duz yeri, şəkərin öz yeri…


Digərləri 12 Mar 2019 07:51:00 284 0

Duzun duz yeri, şəkərin öz yeri…

Şəkər və duzun normadan artıq qəbul edilməsi insan sağlamlığına mənfi təsir göstərir. Onların qədərindən artıq istifadəsi bəzi xəstəliklərin yaranması ilə yanaşı, bir sıra xəstəliklərin fəallaşmasına da səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Aytən Babaxanlının dediyinə görə, insan gün ərzində 10 faizdən artıq şəkər qəbul etməməlidir: "Şəkər normadan artıq olanda hüceyrələr onu mənimsəyə bilmədiyinə görə, əsas yük insulin hormonunun üzərinə düşür. Bunun nəticəsində şəkərli diabet, piylənmə və metabolik xəstəliklərin əmələ gəlməsi üçün risk yaranır.

Bal, meyvə və tərəvəzlərin tərkibində olan təbii şəkərlərdən fərqli olaraq qənd, şəkər tozu və s. süni şəkər əvəzedicilərinin çox qəbul edilməsi insan orqanizmi üçün çox ziyandır. Həmin siyahıya içkilərin tərkibində olan kimyəvi şəkərlər də daxildir".

Diyetoloq Ləman Süleymanova da həmin məhsulların zərərli təsirini etiraf edir: "Bəzi qazlı içkilərin tərkibində olanlar kimyəvi birləşmələrlə zənginləşən şəkər sayılır və qaraciyərə çox mənfi təsir göstərir, yorğunluq və halsızlıq əmələ gətirir. Bəzi energetik içkilərin tərkibindəki şəkər də zəhərli şəkər hesab edilir və onun qəbulu immunitetin kəskin zəifləməsinə, mədə xərçənginə və piylənmə yaranmasına səbəb ola bilər. Hər 90 pasiyentdən 20-30 nəfərini şəkəri çox qəbul edənlər təşkil edir".